Uşaq evi sosial xidmət müəssisələrində çalışanlar cəzalandırılıb
Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsinə verilən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili sahəsində işlər həyata keçirilir. Bu çərçivədə həmin müəssisələrdə keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür.
Sosial Xidmətlər Agentliyi tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri aparılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, aparılan monitorinq tədbirlərinin nəticəsi olaraq, 2, 3, 4 və 6 saylı Uşaq evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət olunmasına, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarının gözlənilməməsi, sənədləşmə işinin düzgün aparılmaması və digər hallar aşkar edilib.
Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək həmin müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri görülüb. Onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.
Agentlikdən onu da bildiriblər ki, Uşaq evi sosial xidmət müəssisələrində müasir standartların tətbiqi və uşaqların qayğı mühiti ilə əhatə olunmaları üçün lazımi tədbirlər davam etdirilir və proses davamlı həyata keçiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 5-11-2024, 17:09