COP29-un “Yaşıl zona”sına sabahdan bilet satışı başlayır
Sabahdan etibarən COP29-un “Yaşıl zona”sına bilet satışı başlayır.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mediatur zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, biletlər pulsuz olacaq.
“Biletlər məhdud sayda olacaq və müəyyən tarix üçün nəzərdə tutulan bütün biletlər tükəndikcə satış dayandırılacaq”, – o əlavə edib.
.Ələkbərov qeyd edib ki, biletləri iTicket.az saytından əldə etmək mümkün olacaq.
Xatırladaq ki, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan “Mavi Zona” ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik “Yaşıl Zona” da fəaliyyət göstərəcək.
“Yaşıl Zona” iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi “Mavi Zona” nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Ümumilikdə, “Yaşıl Zona” proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, “Yaşıl Zona” dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:38