Ətraf mühitə təsir edən cinayətlər biomüxtəlifliyimizə ciddi təhdid yaradır - Nazir
Ötən il COP28-də ilk dəfə olaraq hüquq-mühafizə orqanları qlobal iqlim dialoquna inteqrasiya olunub və onların iqlim dayanıqlığı, sülhün qorunması və biomüxtəlifliyin mühafizəsi sahəsindəki əhəmiyyətli rolu vurğulanıb. COP29 çərçivəsində bu istiqamətdə işlər daha da genişləndirilib.
Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
M.Babayev çıxışında hüquq-mühafizə orqanlarının ekoloji cinayətlərlə mübarizədə rolunu və iqlim tədbirlərinin hüquq sisteminə inteqrasiyasının vacibliyini xüsusi vurğulayıb.
“Ətraf mühitə təsir edən cinayətlər – qanunsuz ağackəsmə, flora qaçaqmalçılığı, dəniz çirkliliyi, mineral və balıq ehtiyatlarının istismarı biomüxtəlifliyimizə ciddi təhdid yaradır və iqlim dəyişikliyinin təsirlərini daha da artırır,” – deyə M.Babayev qeyd edib. O, hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi üçün müasir texnologiyalar, hüquqi çərçivələr və davamlı fəaliyyət metodlarının əhəmiyyətini diqqətə çatdırıb.
Muxtar Babayev bildirib ki, ətraf mühitin qorunması, təbii irsin müdafiəsi və iqlim məqsədlərinin birgə əldə edilməsi üçün beynəlxalq əməkdaşlıq və hüquq-mühafizə orqanlarının iştirakı mühüm əhəmiyyət kəsb edir. O, sessiya iştirakçılarına töhfələrinə görə təşəkkür edib və müzakirələrin iqlim dəyişikliyinə qarşı mübarizədə praktiki həllər təqdim edəcəyinə ümidvar olduğunu deyib.(azərtac)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:11