Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də Yəmən Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Saleh Əhməd Turiq ilə görüşüb.
Diplomatı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona işlərində uğurlar arzulayıb. Deyib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan müsəlman ölkələri ilə əməkdaşlığa önəm verir.
Qeyd olunub ki, mədəniyyət xalqlar arasında körpülər qurmaq üçün əhəmiyyətli vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəni əməkdaşlığın qurulması üçün hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə addım atmağa hazırdır.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq ölkəmizdə diplomat kimi fəaliyyət göstərməsindən məmnunluğunu bildirib. O, fəaliyyəti dövründə iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin qurulması üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda incəsənət üzrə təhsil alması, kitabxana, muzey, mədəni irsin qorunması və s. sahələrdə təcrübə qazanması ilə bağı fikir mübadiləsi aparılıb.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Dünən, 17:18