“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

Bu ilin mart ayı ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 71 min 773 bilet əldə edilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Reportyor.az bildirir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Artıq sərnişinlər səfərlərini reallaşdıran zaman onlayn bilet almağa üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 311 reys olmaqla 357 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 11-04-2025, 17:04