Nazir David Sonqulaşvili Bakıda Muxtar Babayevlə görüşüb

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidentinin İqlim Dəyişiklikləri üzrə Xüsusi Nümayəndəsi cənab Muxtar Babayev ilə görüşüb.
Reportyor.az xəbər verir ki, tərəflər iqlim dəyişikliyi ilə mübarizə, cari çağırışların həlli və genişləndirilmiş əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə milli və regional strategiyalara diqqət yetirib.
Hər iki tərəf iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasında birgə fəaliyyətin və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
2024-cü ilin noyabrında Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərinin 29-cu Konfransına xüsusi diqqət yetirilib.

"Mən keçən il Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransının keçirilməsinin əhəmiyyətini vurğulamaq və səylərinizə görə səmimi təşəkkürümü bildirmək istərdim. COP29-un rəhbərliyi xalqlar arasında iqlim dəyişikliyi ilə bağlı konstruktiv dialoqun təşviqində mühüm rol oynayıb", - David Sonqulaşvili bildirib.
David Sonqulaşvili və Muxtar Babayev iqlimə davamlılığın, yaşıl inkişafın və beynəlxalq tərəfdaşlığın artırılmasının təşviqinə sadiq olduqlarını bir daha təsdiq etdilər.
Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Zurab Pataradze də iştirak edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 14-05-2025, 14:47