mobil versiya

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir



Avtonəqliyyat vasitələrinə və avtomobil nəqliyyatının infrastruktur obyektlərinə dair ümumi tələblər təkmilləşdirilir.

Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.
Avtomobil nəqliyyatının infrastruktur obyektlərinin (dayanacaq məntəqələri istisna olmaqla) yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulması sərnişin və yük axınının həcminə, həmçinin nəqliyyat xidmətləri istehlakçılarının tələbatına uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmaqla şəhərsalma və tikinti qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçiriləcək.
Bildirilib ki, qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşirilməsi məqsədilə hazırlanıb və bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.
Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.
Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.
Xatırladılıb ki, Azərbaycan Respublikası “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola 21 oktyabr 2022-ci il tarixli Qanunla qoşulub.
Sözügedən qoşulma ilə beynəlxalq yük daşımalarında yükgöndərən, daşıyıcı və yükalan arasında öhdəlikləri müəyyən edən və hüquqi münasibətləri tənzimləyən ənənəvi beynəlxalq nümunəli kağız əmtəə-nəqliyyat qaiməsinin (CMR) elektron formatda da tərtib edilməsinə imkan yaradılması, sənədlərin asan idarə edilməsi, qorunması, sürətli mübadiləsi, daşımalarda xərclərin azaldılması, təhlükəsizlik və etibarlılığın təmini kimi bir çox üstünlüklər təqdim edir.
CMR-in elektronlaşdırılması həmçinin, avtomobil nəqliyyatı sahəsində qlobal rəqəmsallaşmanı təmin etməklə, sektor iştirakçılarının çevikliyinin və şəffaflığının artmasına ciddi töhfə verəcək.
Beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi həm elektron, həm də kağız daşıyıcıda paralel olaraq istifadə imkanı yaradılmalıdır, çünki bütün dövlətlərdə elektronlaşma imkanı tam formalaşmayıb və hər iki forma birlikdə tətbiq olunur. (trend)

KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 11:42