mobil versiya

Milli Xalça Muzeyində qorunan Qacarlar dövrünə aid qızıl asma bəzək



Qacarlar dövrünə aid qızıl və polixrom minalı, səthi müxtəlif güllərlə bəzədilən asma bəzək Azərbaycan Milli Xalça Muzeyinin zərgərlik kolleksiyasında qorunur.

Özunəməxsus bədii xüsusiyyətlərə malik bu dəyərli nümunə (Asma bəzək. Azərbaycan. XIX əsr. Qızıl, yaqut, zümrüd, ay daşı, xrizolit, mirvari. Polixrom mina. 19,45 qr.) 2019-cu ildə dünyanın məşhur “Sotbis” auksion evindən Azərbaycan Milli Xalça Muzeyi tərəfindən əldə edilən ilk eksponatdır. Məmulatın yuxarı hissəsində lotos gülünün hər iki tərəfində budaqların üzərində cüt quş təsviri verilib, mərkəzində isə səkkizguşəli medalyon yerləşdirilib.


Medalyonun  kənarları gül ləçəklərinə bənzəyən səkkiz şəffaf ay daşı, ortası isə  iri, qabarıq, cilalanmış yaqutla bəzədilib. Gül günəşi, ləçəklər isə onun şüalarını simvolizə edir. Medalyonun aşağı hissəsinə halqa vasitəsilə bərkidilən palmetlərdən isə  xırda mirvarilər sallanır. Dekorativ bəzəyin digər üzündə gül-çiçək kompozisiyasının arasında Şərqin gözəl qadın obrazı – çatmaqaşlı, ayüzlü xanım təsvir olunub.


 Reportyor.az 


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-01-2026, 12:47