Azərbaycan Milli Xalça Muzeyinə xalçalar hədiyyə olunub
Azərbaycan Milli Xalça Muzeyinə türkiyəli xalça kolleksionerləri Metin Konukçu və Hüseyn Konukçu tərəfindən XIX əsrin 70-ci illərinə aid Qubanın “Qaraqaşlı” və XIX əsrin sonu – XX əsrin əvvəlinə aid Qazaxın “Kəmərli” xalçaları hədiyyə olunub.
Bu barədə muzeydən məlumat verilib.Bu önəmli hadisə muzeyin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi Vətəninə qaytarılması” layihəsi çərçivəsində ardıcıl, məqsədyönlü fəaliyyətinin növbəti uğurlu nəticəsidir.
Azərbaycan Milli Xalça Muzeyinə bağışlanan Qubanın “Qaraqaşlı” xalçasının sürməyi yerlikli ara sahəsində el arasında “çalğı aləti” adlandırılan göllər, “sacayağı” və səkkizguşəli ulduzabənzər “gül” naxışları, güldan, həmçinin insan, heyvan təsvirləri verilib. Ara sahəni isə “məşəl” və ya “şamdanlı” adlandırılan ana haşiyə əhatələyir. Bu naxışlar əsasən işıq, nur mənasını ifadə edir.
Digər qiymətli sənət əsəri isə Qazaxın məşhur “Kəmərli” xalçasıdır. Onun ara sahəsində romb şəkilli, iri qarmaqlı göllər verilib. Bir-birinin içərisində yer alan qarmaqlar qədim türklərə aid damğalardan götürülüb. İçərisi rəngli kvadratlarla doldurulan orta ölçülü göllər isə əkin və məhsuldarlıq rəmzi kimi qəbul olunur. Xalçanın ana haşiyəsini “qıvrım”, “əqrəb”, “qarmaqlı” adları ilə məşhur olan elementlər bəzəyir.
Onilliklər boyu vətənindən ayrı düşən sənət əsərlərinin geri qaytarılması nəinki muzey, eyni zamanda ölkə əhəmiyyətli mühüm tarixi-mədəni hadisədir. Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasının bu cür xalça nümunələri ilə ilbəil zənginləşməsi onun nüfuzunun daha da yüksəlməsi, həmçinin azərbaycanlı və xarici tədqiqatçılar üçün önəmli araşdırma mərkəzinə çevrilməsi baxımından xüsusi önəm daşıyır.
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-02-2024, 11:32