mobil versiya

Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb


Rumıniyanın Sibiu şəhərində Brukenthal Milli Muzeyinə daxil olan Müasir İncəsənət Muzeyində “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Rumıniya arasında diplomatik əlaqələrin 30 illiyi və Azərbaycan Milli Xalça Muzeyinin 55 illik yubileyi münasibətilə təşkil olunan sərgidə muzeyin kolleksiyasından seçilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid ölkəmizin müxtəlif bölgələrinə məxsus 15 xovsuz və xovlu xalça nümayiş olunur. Burada Səfəvi dövrünə aid Qarabağın dünyaca məşhur əjdahalı xalçalarının daha sonrakı dövrlərə aid nümunələrindən Qarabağın “Qasımuşağı”, “Malıbəyli”, vərni xalçaları, o cümlədən Şirvanın “Şamaxı” xalçası da yer alır.
Əjdaha təsviri türk xalqlarının incəsənətində çox geniş yayılmışdır. Qədim inanclara görə əjdaha ailənin qoruyucusu sayılırdı. Xalçalarda o, əsasən həyat ağacının simvolu olan palmettanın qoruyucusu qismində çıxış edir. Sərgidə həmçinin görmə qabiliyyəti məhdud şəxslər üçün muzeyin Ənənəvi texnologiya şöbəsində müxtəlif texnikaların tətbiqi ilə toxunmuş kiçik ölçülü xalçalar təqdim edilir.
Tədbirdə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare çıxış edərək Rumıniya ilə Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin tarixindən, bugünkü inkişafından söz açıb. Rumıniyanın qardaş ölkə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu deyib. Bir neçə gün öncə Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində imzalanan sazişin əhəmiyyətini vurğulayan səfir ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatı işinə mühüm töhfə verdiyini qeyd edib.
Vasili Soare yeni açılan sərgini daha çox neft ölkəsi olaraq tanınan Azərbaycanın zəngin mədəni irsinin təbliği baxımından önəmli hadisə kimi dəyərləndirib. O, ölkəmizdə səfir kimi fəaliyyətə başladıqdan sonra ilk layihəni Azərbaycan Milli Xalça Muzeyi ilə reallaşdırdıqlarını da xüsusi diqqətə çatdırıb.


Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova belə bir sərginin açılmasından böyük məmnunluq duyduğunu bildirib. O, Brukenthal Milli Muzeyinin kolleksiyasında XVI-XVII əsrlərə aid çox dəyərli, nadir xalça nümunələrinin qorunub saxlanıldığı diqqətə çatdırıb. Bu muzeylə qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini deyib.
Şirin xanım sərgini ziyarət edənlərin Azərbaycan xalçaçılıq sənəti, onun xalqın həyat və məişətindəki önəmli rolu, xalçatoxuma texnikaları, eləcə də qədim tarixə malik ornamentlərin semantikası barədə məlumat alacaqlarını da bildirib.
Brukenthal Milli Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Alexandru Konstantin Kitutsa sərginin önəmini vurğulamaqla yanaşı, Rumıniyada heç bir muzeydə fiziki məhdudiyyətli insanlar üçün xüsusi imkanların olmadığını təəssüflə qeyd edib: “Bu sərgidə məhz görmə qabiliyyəti məhdud şəxslər üçün toxunmuş xalçaların təqdim edilməsi, brayl şrifti ilə məlumatlandırıcı mətnlərin olması bizim üçün çox gözəl təcrübə oldu. Yaxın gələcəkdə biz də öz fəaliyyətimizdə bu istiqamətə xüsusi diqqət ayıracağıq”.
Açılış mərasimində Azərbaycanın Rumıniyadakı səfirliyinin ikinci katibi Təbriz Qarayev, Brukhental İncəsənət Muzeyinin müdiri Alexandru Sonoc çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən, ikitərəfli mədəni əlaqələrin inkişafında, xalqlar arasında yaxınlığın yaranmasında müstəsna rolundan danışıblar.
Tədbirdə Alexandru Konstantin Kitutsa tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soareyə Brukenthal Milli Muzeyinin yaradıcısı baron Samuel fon Brukenthalın 300 illik yubileyi münasibətilə təsis edilmiş medal və diplom təqdim olunub.
Şirin Məlikova Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunmuş “Zeyvə” xalçasını Brukenthal Milli Muzeyinə hədiyyə edib.
Sonra qonaqlar sərgiyə tamaşa ediblər. Çoxsaylı qonaqlar arasında muzey mütəxəssisləri və rəhbərləri, incəsənət və mədəniyyət nümayəndələri ilə yanaşı Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin üzvləri də olub. Onlar sərgiyə xüsusi maraq göstəriblər.
Ziyarətçilər üçün xalça toxuma üzrə ustad dərsi də keçirilib.
Azərbaycan Milli Xalça Muzeyi, Brukenthal Milli Muzeyi, Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rumıniyanın Gözdən Əlillər Cəmiyyətinin Sibiu filialının dəstəyi ilə keçirilən sərgi 2023-cü il yanvarın 31-dək davam edəcək.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 23-12-2022, 15:30