Liseydə güllələnən müəllimin vəziyyəti açıqlanıb

06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu "İdrak" liseyindən çağırış qeydə alınıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.
xxx
11:09
"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə bağlı bir sıra detallar məlum olub.
İnsident təhsil müəssisənin ikinci mərtəbəsində qeydə alınıb.
Güllələnən şəxs lideyin riyaziyyat müəllimi Şəhla Kamilovadır
xxx
11:07
Müəllimin xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfindən tutulub.
Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.
Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilib.
xxx
10:47
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır. (Trend)
Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: 6-02-2026, 11:23



























