Gənc boksçular arasında Azərbaycan çempionatı başa çatıb

Gənc boksçular arasında Azərbaycan çempionatına yekun vurulub.
Boks Federasiyasından bildirilib ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 60 komandanın 276 boksçusu qüvvəsini sınayıb. 7 gün davam edən çempionatda oğlanlarda 10, qızlarda 5 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Boks Mərkəzində təşkil olunan finalda qalib gələn Əli Əliyev, Nihat Qasımov, Əli Baxışov, Şahin Aslanov, Rza Rzayev, Renat Qiyaslı, İsmayıl Vəliyev, Heydər Əzməmmədov, Zaur Səmədov və Səfdər Məmmədzadə çempion tituluna sahib olublar.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu birinci yeri tutub – 33 xal. İkinci pilləyə Gəncə komandası (31) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” İdman Klubu (29) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Nihat Qasımov layiq görülüb. Ramiz Yaqnəliyev ən yaxşı hakim adına sahib olub.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, U-19 Azərbaycan çempionatında daha öncə başa çatan qızların mübarizəsində Banuçiçək Nəsirli (48 kiloqram), Əminə Tağı (51 kiloqram), Zəhra Məmmədova (54 kiloqram), Aynur İsmayılova (60 kiloqram) və Dəniz Babayeva (70 kiloqram) U-19 Azərbaycan çempionatının qızıl medalını qazanıblar.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:08


























