Türkiyənin baş ombudsmanı: Süni intellekt insan hüquqları əsasında tənzimlənməlidir

XXI əsr texnologiya və bilik əsri kimi xarakterizə olunur. Bu dövrün ən sürətlə inkişaf edən və yayılan texnologiyalarından biri isə süni intellektdir (AI). Süni intellekt artıq həyatın demək olar ki, bütün sahələrində, dövlət idarəçiliyində, səhiyyədə, təhsildə, maliyyə sektorunda, sənayedə, nəqliyyatda və gündəlik məişətdə geniş tətbiq edilir.
Bunu Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzulu plenar sessiyada Türkiyə Respublikasının baş ombudsmanı Mehmet Akarca deyib.
O qeyd edib ki, AI sistemləri qısa zaman ərzində çox böyük həcmdə məlumatı emal etmək, təhlil aparmaq və mürəkkəb qərarların qəbulunu dəstəkləmək imkanına malikdir. Bunun nəticəsində xidmətlərin keyfiyyəti artır, qərar qəbuletmə prosesi sürətlənir və fiziki məkan məhdudiyyətləri böyük ölçüdə aradan qalxır. Rəqəmsal texnologiyalar insanların informasiya əldə etməsini, ünsiyyətini və xidmətlərə çıxışını daha əlçatan edir.

“Lakin bütün bu imkanlarla yanaşı, süni intellekt insan hüquqları baxımından bir sıra ciddi risk və təhdidlər də yaradır. AI texnologiyalarının inkişafı ilə paralel olaraq toplanılan və emal olunan şəxsi məlumatların həcmi sürətlə artır. Bu isə şəxsi həyatın toxunulmazlığı, məlumatların məxfiliyi, onların təhlükəsiz saxlanılması və bu məlumatlara kimin, hansı məqsədlə çıxış əldə etməsi kimi mühüm hüquqi və etik sualları gündəmə gətirir.
Bundan əlavə, süni intellektin qərar qəbuletmə proseslərində geniş tətbiqi də əhəmiyyətli risklər yaradır. Alqoritmlərin qeyri-şəffaf fəaliyyəti, məlumatlarda mövcud olan qərəzliliyin qərarlara təsir etməsi, ayrı-seçkilik halları və insan müdaxiləsinin məhdudlaşması ədalət, bərabərlik və hüququn aliliyi prinsipləri baxımından ciddi narahatlıq doğurur. Bu səbəbdən süni intellekt texnologiyalarının inkişafı insan hüquqlarına hörmət, şəffaflıq, hesabatlılıq və etik prinsiplər əsasında tənzimlənməli, onların tətbiqinə səmərəli hüquqi nəzarət mexanizmləri yaradılmalıdır”, - deyə Mehmet Akarca vurğulayıb. (Azərtac)
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:48

























