mobil versiya

Svastika: Hindistan və Azərbaycanı Birləşdirən Müştərək İrs






Svastika dünyanın ən qədim müqəddəs simvollarından biridir. Hinduizmdə o, uğur, rifah, firavanlıq və həyatın əbədi dövranını təmsil edir. Bu simvol minilliklər boyu dini ayinlərdə, məbədlərdə və bayram mərasimlərində istifadə olunmuşdur.

Bu barədə Hindistanın Azərbaycandakı səfirliyinin paylaşdığı məqalədə deyilir. 

Maraqlıdır ki, svastika motivləri Azərbaycanın Şəmkir rayonundakı Qaracəmirli yaşayış yerində tapılmış Tunc dövrünə aid artefaktlar üzərində də aşkarlanmışdır ki, bu da ibtidai icma quruluşuna aid dövrlərdə bu qədim simvolun Avrasiyada geniş yayılmış olduğunu göstərir. Bu tapıntılar qədim cəmiyyətlər arasında geniş coğrafiyada mövcud olmuş mədəni əlaqələri və müştərək simvolik ənənələri əks etdirir. Eyni zamandaç onlar Hindistan yarımadası ilə Cənubi Qafqaz xalqları arasında mövcud olmuş dərin tarixi əlaqələri və qarşılıqlı mədəni mübadiləni araşdırmağa imkan yaradır.




Svastika simvolu Azərbaycanda sonrakı dövrdə XVII–XIX əsrlərdə hind və siqh tacirləri və zəvvarları tərəfindən inşa edilmiş Bakı yaxınlığında yerləşən Atəşgah məbədində yenidən qarşımıza çıxır. Bu məbəddəki devanaqari və qurmuxi əlifbaları ilə yazılmış kitabələr bölgədə Hindistan mənşəli dini ənənələrin uzunmüddətli mövcudluğunu əks etdirir. Svastika motivinin bu Hindistan–Azərbaycan müqəddəs məkanında yenidən meydana çıxması yalnız simvolun minilliklər boyu yaşamasını deyil, həm də Avrasiya boyunca insanların, inancların və dini ayinlərin tarixi hərəkətini nümayiş etdirir.




Bu gün Hindistanda svastika hindu həyatında müqəddəs bir simvol olaraq qalır. Ondan məbədlərdə, evlərdə, dini bayramlarda və xüsusilə Divali kimi mərasimlərdə firavanlıq və bərəkət arzulamaq məqsədilə istifadə edilir. Onun dörd qolu çox vaxt dörd əsas istiqaməti, dörd Vedanı və zamanın dövri təbiətini simvolizə edən ünsürlər kimi qəbul edilir.


Beləliklə, svastika öz dərin tarixi və sivilizasiya kontekstində minilliklər boyu formalaşmış müştərək bəşəri irsin rəmzi kimi qədim Azərbaycan ilə Hindistan arasında mənəvi və mədəni körpü rolunu oynayır.



Reportyor.az 



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 15:11