Gələn il Azərbaycan və İsveçrə diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə geniş tərkibdə görüş keçirib.
Nazirlər Azərbaycan–İsveçrə ikitərəfli gündəliyini, İsveçrənin ATƏT-ə sədrliyinin prioritetlərini, Azərbaycan–ATƏT əməkdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini, habelə regiondakı münaqişədən sonrakı vəziyyəti və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.
Nazirlərin görüşündə vurğulanıb ki, gələn il Azərbaycan və İsveçrə diplomatik münasibətlərin qurulmasının 35 illiyini qeyd edəcək və bu mühüm yubileyi keçən müddət ərzində inkişaf etdirilmiş tərəfdaşlığa nəzər salmaq üçün bir fürsət kimi dəyərləndiriblər.
Tərəflər Xarici İşlər nazirlikləri arasında yüksəksəviyyəli təmasların və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Bu baxımdan cari ilin aprel ayında Bakıda keçirilmiş siyasi məsləhətləşmələrin sonuncu raundunun əhəmiyyətini qeyd edərək, bu mexanizmin müntəzəm əsasda davam etdirilməsinin vacibliyini bildiriblər.
Müzakirələr Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti də daxil olmaqla, iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlib.Enerji sektorunun ikitərəfli iqtisadi münasibətlərin əsas sütunlarından biri olduğu vurğulanıb. Bu çərçivədə SOCAR Energy şirkətinin İsveçrədə uğurlu fəaliyyəti qarşılıqlı faydalı əməkdaşlığın mühüm nümunəsi kimi qeyd olunub.
Nazirlər, həmçinin humanitar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
ATƏT-in fəaliyyətdə olan sədri kimi İsveçrənin prioritetlərinə xüsusi diqqət yetirilib. Azərbaycan sədrliyin elm və diplomatiya, innovativ texnologiyalar, su ehtiyatlarının idarə olunması, enerji təhlükəsizliyi və rəqəmsal təhlükəsizlik sahələrinə diqqətini alqışlayaraq, bu istiqamətlərin müasir çağırışların həllində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir Ceyhun Bayramov bildirib ki, ATƏT məkanında təhlükəsizlik mühitinin getdikcə daha mürəkkəb xarakter aldığı bir şəraitdə, Təşkilat öz aktuallığını və regional təhlükəsizlik məsələlərinin həllində rolunu qorumaq üçün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş coğrafi üzvlüyündən tam istifadə etməlidir. O, iştirakçı dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, inklüziv dialoq və konsensus prinsiplərinə əsaslanan səmərəli çoxtərəfliliyə Azərbaycanın dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunan nazir Ceyhun Bayramov həmkarını sülh prosesinin hazırkı mərhələsi, iki ölkə arasında de-fakto bərqərar olmuş sülh və həyata keçirilən etimad quruculuğu tədbirləri barədə məlumatlandırıb. O vurğulayıb ki, ikitərəfli format çərçivəsində əldə olunan irəliləyiş bu yanaşmanın səmərəliliyini bir daha nümayiş etdirir.
ATƏT ilə əməkdaşlığa dair nazir Ceyhun Bayramov Azərbaycanın Təşkilatın müvafiq təcrübəyə malik olduğu və əlavə dəyər təqdim edə biləcəyi qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlığı davam etdirməyə hazır olduğunu bir daha bəyan edib.
Nazir, həmçinin Azərbaycanın ərazilərinin minalar və müharibənin digər partlayıcı qalıqları ilə genişmiqyaslı çirklənməsinə diqqət çəkərək, bunu ölkənin qarşısında duran ən ciddi humanitar problemlərdən biri kimi qiymətləndirib. O, bu məsələnin həllində ATƏT-in öz mandatı və imkanları çərçivəsində praktiki dəstəyinin vacibliyini vurğulayıb.
Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət, Yaxın Şərqdə baş verən hadisələr, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:26

























