mobil versiya

Çinin eşşək ətinə olan tələbatı Pakistanla ticarəti stimullaşdırır





Çinin ekzotik ətə və qiymətli kollagenə olan tələbatı Pakistanın quraq cənub-qərbində, yüzlərlə kilometr uzaqlıqda qeyri-adi bir biznesin əsasının qoyulmasına kömək edir.

Bu barədə Bloomberg xəbər verir.

Pakistanın Bəlucistan əyalətindəki bir kəsim məntəqəsi dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkəsindəki müştərilər üçün yüzlərlə uzunqulağı emal edir. Dini inanclara görə yerli əhali tərəfindən istehlak edilməsə də, bu ət Çinin bəzi bölgələrində incə zövqə xitab edən bir nemət hesab olunur. Lakin daha vacibi odur ki, heyvanların dərisi ənənəvi Çin təbabətində yüksək qiymətləndirilən "ejiao" maddəsinin istehsalında istifadə olunur. Qvadar yaxınlığında kəsim və emal müəssisələrini idarə edən "Hangeng Group" şirkəti xarici tələbatın artmasına əsaslanaraq, gündəlik kəsim sayını bir neçə ay ərzində dörd dəfə artıraraq 800 başa çatdırmağı planlaşdırır.

Pakistanın qida naziri Rana Tanvir Hüseyn İslamabadda Bloomberg News-a verdiyi müsahibədə bildirib: "Uzunqulaq əti və dərisi sənayesi böyük potensiala malikdir. Məhz buna görə də biz daha 2-3 Çin şirkətinə Qvadarda yetişdirmə fermaları və kəsim məntəqələri yaratmaq üçün icazə vermişik".

Şirkətin baş icraçı direktoru Endi Liao İslamabadda verdiyi müsahibədə qeyd edib ki, bu biznes altı ay ərzində ayda təxminən 5 milyon dollar, iki il ərzində isə 7 milyon dollar həcmində valyuta gəliri əldə edə bilər.

ABŞ Konqresinin Tədqiqat Xidmətinin 2023-cü il hesabatına əsasən, bu rəqəm "ejiao" istehsalı məqsədilə dəriləri üçün hər il kəsilən təxminən 2,3 milyon ilə 4,8 milyon baş uzunqulaqla müqayisədə hələ də kiçik bir hissəni təşkil edir; həmin hesabatda Çinin bu ənənəvi dərman bazarı 2021-ci ildə təxminən 7,8 milyard dollar həcmində qiymətləndirilmişdi.

"Ejiao" uzunqulaq dərisinin qaynadılması yolu ilə əldə edilən kollagendən hazırlanır. O, adətən anemiyanın müalicəsində qan artırıcı vasitə kimi, həmçinin immuniteti gücləndirmək və yuxu keyfiyyətini yaxşılaşdırmaq məqsədilə istifadə olunur. Bundan əlavə, o, kosmetika sahəsində də tətbiq edilir və qocalma əleyhinə təsirə malik olduğuna inanılır.

Çində bu jelatin tərkibli maddəyə tələbat sürətlə artır, lakin onun istehsalı üçün zəruri olan uzunqulaq dərisi ehtiyatları azalır. Hər il milyonlarla heyvanın kəsilməsi səbəbindən Çində uzunqulaqların sayı kəskin şəkildə azalıb və bu da alıcıları Afrika və digər bölgələrdən təchizat mənbələri axtarmağa sövq edib.

2024-cü ildə Afrika İttifaqı uzunqulaqların sayında müşahidə olunan narahatedici azalmadan sonra, onların dəriləri üçün kəsilməsinə və bununla bağlı ixraca qarşı bütün qitəni əhatə edən moratoriumu təsdiqləyib. Heyvanların rifahı ilə məşğul olan "Brooke" təşkilatının 2025-ci ilin iyun ayındakı hesabatına görə, əgər eşşək dərisi ticarətinə dair qitə miqyaslı qadağa tətbiq edilməzsə, Afrikadakı eşşək populyasiyası 2040-cı ilə qədər yarıbayarı azalaraq təxminən 14 milyona düşə bilər.

Çinli alıcılar hazırda Pakistan, Braziliya və Avstraliya da daxil olmaqla yeni mənbələr axtarırlar. İslam Respublikası da daha əvvəl, bəzi şəhərlərdə bu heyvanın ətinin mal və qoyun əti adı altında satıldığının aşkar edilməsindən sonra eşşək dərisi ixracını məhdudlaşdırmışdı.

Lakin Ticarət Nazirliyinin bildirişinə əsasən, on il sonra bu moratorium ləğv edildi və ölkənin Çinin artan tələbatından faydalanmasına yol açıldı. "Pakistan İqtisadi İcmalı"na görə, Cənubi Asiya ölkəsində eşşək populyasiyası artır və 2025-ci ildə 6 milyonu keçib; bu da Liao kimi sahibkarlara ənənəvi olaraq nəqliyyat və təsərrüfat işlərində istifadə olunan heyvan əsasında bir sənaye sahəsi yaratmaq imkanı verir.

Liaonun şirkəti Pakistandakı müəssisənin tikintisinə altı il əvvəl başlayıb və indiyədək təxminən 50 milyon dollar sərmayə qoyub. Müəssisədə doqquz çinli menecer və təxminən 500 yerli işçi çalışır; onlar kəsim və qablaşdırmadan tutmuş daşınmaya qədər bütün prosesləri həyata keçirirlər. Şirkət bürokratik əngəlləri əsas gətirərək may ayında fəaliyyətini qısa müddətə dayandırmış, lakin hökumətin təsdiqindən sonra işini bərpa etmişdi.

"X" sosial şəbəkəsindəki paylaşımlara görə, "Hangeng" şirkəti Çinin ən böyük "ejiao" (eşşək dərisindən hazırlanan jelatin) istehsalçısı olan "Dong-E-E-Jiao Co"nun strateji tərəfdaşıdır. Şirkət eşşəkləri 11 təchizatçıdan əldə edir (izlənilə bilməsi üçün hər bir heyvan nişanlanır) və gələcəkdə təsərrüfatların sayını 50-yə çatdırmağı hədəfləyir. İndiyədək beş konteyner ət və dəri ixrac edilib; hökumətin ixraca icazə verməsindən sonra ilk partiya iyun ayında Çinin Tyanzin limanına çatıb. Liao əvvəlcə heyvan yetişdirmə sahəsini genişləndirməyi və laboratoriya qurmağı, daha sonra isə dəniz məhsulları ixracına keçməyi planlaşdırır.


Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 16:05