mobil versiya

Yeniyetməlik dövründəki koqnitiv bacarıqlar demensiya riskinin azalması ilə əlaqəli ola bilər






Yeni bir araşdırma müəyyən edib ki, yeniyetməlik dövründəki müəyyən koqnitiv bacarıqlar sonrakı həyatda demensiya (ağıl zəifliyi) riskinin azalması ilə əlaqəli ola bilər.

Araşdırmada 1948-ci ildə anadan olmuş 10 539 nəfər isveçli iştirakçının məlumatları təhlil edilib. 1961-ci ildə iştirakçılar induktiv mühakimə, şifahi nitq və məkan təsəvvürü bacarıqlarını ölçən testlərdən keçiblər.

İnduktiv mühakimə insanın qanunauyğunluqları müəyyən etmək və məlumatlar əsasında qaydalar çıxarmaq bacarığını ölçür. Testlərə ədədi ardıcıllıqları tamamlamaq, qanunauyğunluqları aşkar etmək və müəyyən bir qrupa aid olmayan elementləri seçmək kimi tapşırıqlar daxil idi.

Tədqiqatçılar iştirakçıları 2025-ci ilin noyabrına qədər izləyiblər. Bu müddət ərzində 287 nəfərdə demensiya inkişaf edib ki, bu da tədqiqat qrupunun 2,7%-ni təşkil edir. Onlar müəyyən ediblər ki, 13 yaşında induktiv mühakimə testlərində daha yüksək nəticə göstərən iştirakçılarda demensiya riski 16% daha aşağı olub.

Nəticələr həmçinin göstərib ki, induktiv mühakimə testində toplanan hər əlavə bal demensiya riskinin 2% azalması ilə əlaqəlidir. Lakin şifahi nitq və məkan təsəvvürü bacarıqlarını ölçən testlərdə oxşar əlaqə müşahidə olunmayıb.

Tədqiqatçılar demensiya riskinə təsir edə biləcək digər amilləri, o cümlədən iştirakçıların və onların valideynlərinin təhsil səviyyəsini, həmçinin müəyyən xroniki xəstəlikləri nəzərə alıblar. Onlar həmçinin 1953-cü ildə anadan olmuş təxminən 20 000 nəfərlik başqa bir qrup üzərində təhlili təkrarlayıblar və oxşar əlaqə aşkar ediblər: induktiv mühakimə üzrə daha yüksək nəticə göstərənlərdə demensiya riski 15% daha aşağı olub.

Tədqiqatçılar tərəfindən irəli sürülən mümkün izahlardan biri beynin işçi yaddaş, planlaşdırma və qərarvermə proseslərində rol oynayan frontoparietal şəbəkəsi ilə bağlıdır. Bu şəbəkənin fəaliyyətinin zəifləməsi koqnitiv funksiyaların azalması ilə əlaqələndirilir.

Tədqiqatçılar həmçinin "sistem bütövlüyü" konsepsiyasını müzakirə ediblər; bu konsepsiya onu göstərir ki, həyatın erkən dövrlərində daha güclü koqnitiv funksiyalara malik olan insanların beyin, ürək və metabolik proseslər daxil olmaqla, bir sıra bioloji sistemlərində ümumi sağlamlıq vəziyyəti də daha yaxşı ola bilər.

Bununla belə, araşdırma yeniyetməlik dövründəki daha güclü induktiv mühakimə bacarıqlarının demensiyanın qarşısını aldığını sübut etmir. O, sadəcə olaraq bu iki amil arasında əlaqəni müəyyən edib. Araşdırmada həmçinin demensiya riskinə təsir edə biləcək bəzi amillər – məsələn Tədqiqatçılar bildiriblər ki, bu əlaqənin səbəblərini anlamaq, həmçinin uşaqlıq və yeniyetməlik dövründə inkişaf etdirilən koqnitiv bacarıqların sonrakı həyatda beyin sağlamlığının qorunmasında və demensiya riskinin azaldılmasında rol oynayıb-oynamadığını müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Reportyor.az 



KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 16:00