ABŞ-ın Çindəki səfiri: Tramp Çinə silah satmağı təklif edib

ABŞ-ın Çindəki səfiri bazar günü Fox News-da yayımlanan müsahibəsində bildirib ki, Prezident Donald Tramp Tayvana silah satışı ilə bağlı narahatlıqlara cavab olaraq Pekinə də silah satmağı təklif edib.
Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və ABŞ-ın özünü idarə edən bu adaya silah satması uzun müddətdir ki, Vaşinqton ilə Pekin arasında həssas məsələlərdən biridir.
ABŞ qanunvericiliyinə əsasən, demokratik yolla seçilmiş prezidenti və qanunverici orqanı olan Tayvanı müdafiə məqsədilə silahla təchiz etməlidir.
ABŞ-ın Çindəki səfiri Devid Perdyu bildirib ki, Çin Prezidenti Si Tszinpinin keçən həftə ABŞ-a səfəri zamanı bu məsələ yenidən gündəmə gəlib.
"Prezident Tramp daim deyir: 'Biz dünyanın müxtəlif yerlərindəki tərəflərə silah satırıq'. Hətta bir dəfə o, Prezident Si-dən silah almaq istəyib-istəmədiyini də soruşmuşdu", - deyə Perdyu bazar günü yayımlanan müsahibədə qeyd edib.
"Digər satışlarla bağlı danışıqlar davam edir; (Tramp) və Prezident Si hər görüşdə bu barədə danışırlar", - deyən Perdyu əlavə edib ki, ABŞ-ın mövqeyi dəyişməyib.
İyun ayında Çin Tayvana xəbərdarlıq edərək bildirmişdi ki, "ABŞ-a arxalanaraq və ya hərbi yollarla" müstəqilliyə can atmaq "dalana dirənmək" deməkdir.
Vaşinqton artıq dekabr ayında Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləmişdi; Perdyunun sözlərinə görə, bu, "1979-cu ildən bəri hər hansı digər prezidentin dövründəkindən daha çox silahın Tayvana satılması" demək idi.
Vaşinqtona səfəri zamanı Si Trampın Tayvan məsələsində "ehtiyatlı" davranması barədə xəbərdarlığını təkrarlayıb və daha irəli gedərək ABŞ-ı Tayvanın müstəqilliyinə açıq şəkildə qarşı çıxmağa çağırıb.
May ayında Tramp Taypeylə nəzərdə tutulan silah paketinin Çinlə danışıqlarda bir vasitə kimi istifadə oluna biləcəyini irəli sürmüşdü ki, bu da Tayvanın təhlükəsizliyinin sövdələşmə predmeti ola biləcəyi ilə bağlı narahatlıqlar yaratmışdı.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:21


























