mobil versiya

Tramp ABŞ-dakı kütləvi qırğınlara görə mətbuatı suçladı



ABŞ prezidenti Donald Tramp mətbuatda gedən,“feyk”, yəni saxta adlandırdığı xəbərlərin amerikalıların qəzəb və nifrətini artırdığını bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bununla bağlı fikirlərini tvitter hesabında ifadə edib: “Mətbuat ölkəmizdə insanların həyat və təhlükəsizliyinə görə böyük məsuliyyət daşıyır. “Feyk” xəbərlər insanların uzun illər boyu topladığı hiddət və qəzəbin partlamasına gətirib çıxarıb. Mətbuatda işıqlandırılan informasiyalar doğru, balanslaşdırılmış və qərəzsiz olmalıdır. Yoxsa bugünkü dəhşətli problemlər daha da pisləşəcək”.

Bundan başqa ABŞ lideri Konqresi silah alanların bioqrafik məlumatlarının dəqiqləşdirilməsi haqqında qanun qəbul etməyə çağırıb.

Xüsusilə Texas və Ohayoda avtomatik silahla törədilən və onlarla insanın ölümünə yol açan qətllərdən sonra dövlət başçısı sadə vətəndaşlara silah satışı qaydalarının yenidən düzəldilməsinin tərəfdarı olduğunu bildirib.

Lakin Donald Tramp yenə də ölkədə ağır, avtomatik silahların sərbəst satışının yasaqlanması kimi mövzulara toxunmayıb.

Bilindiyi üzrə 2016-cı ildə keçirilən prezident seçkilərində ABŞ-ın ən böyük lobbiçi əlaqələrinə malik olan təşkilatlardan sayılan və ölkədə silah gəzdirmək azadlığını müdafiə edən Milli Atıcılıq Assosiasiyası (National Rifle Association of America) Donald Trampı müdafiə edib və kampaniyaya külli miqdarda pulla yardım göstərib.

Buna görə rəqibləri prezidenti silah satıcılarının maraqlarını daha çox qorumaqda ittiham edirlər.



DÜNYA
Tarix: 5-08-2019, 20:12