mobil versiya

Hindistanın şimalında güclü yağış və daşqınlar nəticəsində azı 62 nəfər həlak olub




Rəsmilərin bazar ertəsi verdiyi məlumata görə, Hindistanın şimalındakı Uttar-Pradeş ştatında bir neçə gün davam edən güclü yağışlar və daşqınlar nəticəsində azı 62 nəfər həlak olub.

Ştat hökuməti bildirib ki, üç gün davam edən güclü yağışların bir sıra rayonlarda daşqınlara səbəb olması nəticəsində 46 nəfər xəsarət alıb, 1000-dən çox evə isə ziyan dəyib.

Bazar ertəsi ştatın bəzi ərazilərində, o cümlədən paytaxt Lakhnauda məktəblər bağlanıb, xilasetmə qrupları isə insanları su basmış ərazilərdən təhlükəsiz yerlərə köçürüb. Sakinlərə su altında qalmış ərazilərdə lazımsız hərəkətdən çəkinmək, həmçinin sürətli axını olan çaylardan, arxlardan və kanalizasiya sistemlərindən uzaq durmaq tövsiyə olunub.

Lakhnaudakı Regional Meteorologiya Mərkəzinin aparıcı mütəxəssisi Atul Kumar Sinq bildirib ki, Benqal körfəzi üzərindəki hava sisteminin zəifləməsi ilə əlaqədar bazar ertəsindən etibarən yağışların azalacağı gözlənilirdi. O qeyd edib ki, ştatın şərq və qərb hissələrində çərşənbə axşamına qədər yüngül yağışlar davam edə bilər.

Rəsmilərin məlumatına görə, daşqınlar şərqdəki Odişa ştatına da təsir edib; burada 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə olunub.

Qonşu Nepalda isə ölkənin təbii fəlakətlərin idarə olunması agentliyinin məlumatına əsasən, cümə axşamından bazar gününə qədər hava şəraiti ilə bağlı hadisələr nəticəsində 21 nəfər həlak olub. Beş nəfər itkin düşüb, beş nəfər xəsarət alıb, daşqınlar və torpaq sürüşmələri isə 194 evə ziyan vurub.

Nepal avqust ayında baş vermiş və 1400-dən çox insanın ölümünə, təxminən 6000 nəfərin isə itkin düşməsinə səbəb olan dağıdıcı daşqınların fəsadlarını aradan qaldırmağa çalışır.


Reportyor.az 

KARUSEL / DÜNYA
Tarix: Bu gün, 13:47