"Deyilənlər öz təsdiqini taparsa, Fuad Qəhrəmanlı üzr istəyərək siyasəti tərk etməlidir"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızları Sanay və Selcan, o cümlədən həyat yoldaşı Zümrüd Yağmur zorakılığa məruz qaldıqlarını təsdiqləyiblər.
BAKU.WS xəbər verir ki, hər üç qadın Fuad Qəhrəmanlının zorakılığına etiraz olaraq sosial şəbəkədə müxtəlif paylaşımlar ediblər.
Məsələyə müxtəlif aspektdən yanaşılsa da, qurbanlar hakimiyyət tərəfdən heç bir təzyiqə məruz qalmadıqlarını bildiriblər. Fuad Qəhrəmanlı ətrafında yaranan durumu şərh etmək üçün Ağ Partiyanın sədri Tural Abbaslıya müraciət etdik. O, BAKU.WS-ə açıqlamasında deyib ki, deyilənlər öz təsdiqini taparsa, qeyd olunan ata ilk növbədə ailəsindən, sonra təmsil etdiyi partiyadaşlarından və cəmiyyətdən üzr istəyərək siyasəti tərk etməlidir: "Əvvəla qeyd edim ki, mənim qəbul etdiyim dəyərlərə görə kiminsə ailədaxili işlərinin ictimailəşməsi və bu məsələlərə kənar müdaxilələri uyğun hesab etmirəm. Çünki hər bir ailə başqa bir aləmdir və onun daxilində baş verən hadisələr əsasən ailə üzvlərinin şəxsi həyatlarıdır. Həmçinin Azərbaycanın minillik mental dəyərləri də buna müsbət baxmır. Ancaq konkret bu hal fərqlidir. Belə ki, söhbət mövzusu olan insan Azərbaycanda hakimiyyətə gəlməkdə iddialı olan bir partiyanın ikinci şəxsidir, həmçinin, ölkədə insan haqqları, demokratiya və beynəlxalq dəyərlər uğrunda mübarizə apardığını bəyan edən bir siyasətçidir.
Həmçinin məsələni ictimailəşdirən də kənar şəxs yox, onun doğma və ailədaxili şiddət qurbanı olan yeniyetmə qızıdır. Düşünürəm ki, əgər, yeniyetmə bir qız övladının iddiaları doğrudursa, bu, böyük rəzilllik və cinayətdir. Ailə üzvlərinə qarşı iddia olunan şiddətlərin icra olunması nəinki siyasətçiyə, heç sivilizasiya və mədəniyyətdən uzaq qalmış birinə belə yaraşmaz. Məncə, bu hala ailə ictimaiyyət qarşısında aydınlıq gətirməli və həqiqətlərin üzə çıxmasında maraqlı olmalıdır. Deyilənlər öz təsdiqini taparsa, qeyd olunan ata ilk növbədə ailəsindən, sonra təmsil etdiyi partiyadaşlarından və cəmiyyətdən üzr istəyərək siyasəti tərk etməlidir. Mən bir daha vurğulayıram ki, əgər iddia olunan faktlar həqiqətdirsə, belə olmalıdır. Buradan hər kəsi bu məsələdə heç bir siyasi, şəxsi və sair maraqlardan deyil, ancaq və ancaq ədalət prizmasından yanaşmağa və mövqe sərgiləməyə çağırıram".
KARUSEL / GÜNDƏM / SİYASƏT / ÖLKƏ
Tarix: 20-09-2019, 14:13