Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür.
Bununla bağlı Prezident İlham Əliyev 18 sentyabr 2024-cü il tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Qeyd edək ki, 2023-cü ilin sentyabrın 19-da Azərbaycan ordusu erməni silahlı birləşmələrinin təxribatları və terror aktlarına cavab olaraq lokal xarakterli antiterror tədbirləri başladaraq 24 saatdan az müddətdə separatçıları təslim olmağa məcbur edib.
Beləliklə, ordumuz üçtərəfli bəyanatın müddəalarının təmin olunmasını, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasını, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsini təmin edib.
Bundan sonra, sentyabrın 28-də Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.
2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyev Ağdərə, Xocavənd və Xocalı şəhərlərində, Xocalının Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
MANŞET / KARUSEL / ÖLKƏ
Tarix: 20-09-2024, 08:32