mobil versiya

“Fast-food” qaraciyər serrozu və xərçəngə səbəb olur



Amerikalı alimlər qaraciyər yağlanması olan 4000-ə yaxın yetkin insanın məlumatlarını təhlil ediblər. Respondentlərin təxminən 30 faizi gündəlik kalorilərinin ən azı 20 faizini hamburger, kartof qızartması, pizza kimi “fast-food”lardan alıblar.

Tədqiqatın yekununda qeyri-sağlam qidalanma ilə qaraciyər yağlanması arasında əlaqə müəyyən edilib. Məlum olub ki, kalorisinin ən azı beşdə birini “fast-food”dan alan obez (piylənmə) və ya diabet xəstələrində qaraciyərin yağlanma səviyyəsi “fast-food”a daha az müraciət edənlərlə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.
O da bəlli olub ki, qaraciyərin yağlanması gələcəkdə alkoqola bağlı olmayan serroza və xərçəngə səbəb ola bilər.
“İnsanlar gündə bir dəfə “fast-food” restoranında yemək yeyirlərsə, bunun zərərli olmadığını düşünə bilərlər. Bununla belə, əgər bu bir yemək gündəlik kalorilərinin hətta beşdə birini təşkil edərsə, onlar qaraciyərlərini riskə atarlar”, – tədqiqat müəllifləri yazır.
Alimlər insanlara yeməkləri evdə hazırlamağı və ya “fast-food” müəssisələrinin menyusundan ehtiyatla yemək seçməyi tövsiyə edir: “Restoranların çoxunda sağlam seçim var. Siz sadəcə təsviri oxumalı, kalorilərinizi izləməli və sifariş zamanı daha sağlam seçimlər etməlisiniz”, – Çikaqodakı Tibb Mərkəzindən Nensi Ro deyir.
Yağlı qaraciyər “fast-food” istehlakının yeganə riski deyil. İspaniyalı tədqiqatçılar aşkar ediblər ki, çoxlu zərərli qida qəbul edən insanların xromosomlarında yaşlanma ilə bağlı dəyişikliklər daha çox olur.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 19-01-2023, 17:49