mobil versiya

Ölkədə ana və uşaq ölümlərinin sayı azalıb



Azərbaycanda ana və uşaq ölümlərinin sayı azalıb. Əgər ölkəmizdə 2019-cu ildə ana ölümlərinin sayı 21, 1 yaşa qədər ölən uşaqların sayı isə 1557 idisə, 2022-ci ildə bu rəqəm müvafiq olaraq 18 və 959 olub.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun 5 illik Hesabat tədbirində çıxışı zamanı bildirib.
“Ana və uşaq sağlamlığının qorunması 5 il boyunca TƏBİB-in əsas prioritet istiqamətlərindən biri olub. TƏBİB-in tabeliyində olan tibb müəssisələrində ana və uşaqlar arasında ölüm hallarının baş verməməsi üçün tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi üzrə Komissiyalar yaradılıb. Bakı ilə yanaşı, regionlardakı ginekoloq və neonatoloqların nəzəri bilik və praktik vərdişlərinin artırılması istiqamətində işlər görülüb. Bəzi tibb müəssisələrində əsaslı təmirdən sonra ginekologiya və doğum şöbələrinin açılışı olub”,- deyə o, əlavə edib.
Qeyd edək ki, TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbiri keçirilir.
Tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Səhiyyə naziri cənab Teymur Musayev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili cənab Əhliman Əmiraslanov və digər rəsmilər iştirak edir.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 20-12-2023, 12:06