Bu il şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib
TƏBİB və tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən Vətən müharibəsi zamanı şəhid olmuş vətəndaşlarımızın birinci dərəcəli qohumlarının tibbi xidmətlərdən vaxtında yararlanması, müayinə və müalicə işinin təşkili, müvafiq dövlət qurumları ilə birlikdə əlaqəli və çevik xidmətin göstərilməsi istiqamətində görülən işlər davam etdirilir.
TƏBİB-dən bildirilib ki, 2024-cü ilin 9 ayı ərzində tibb müəssisələrinə ümumilikdə 5 638 şəhid ailəsi üzvündən 36 min 918 müraciət daxil olub. Bu müraciətlər əsasında şəhid ailə üzvlərinə 127 min 856 adda müxtəlif tibbi xidmət göstərilib. Tibbi xidmətlər, əsasən, terapevtik, kardioloji, endokrinoloji, nevroloji, laborator-diaqnostik, radioloji və s. kimi istiqamətlərdə olub.
“YAŞAT” fondu tərəfindən Hepatit B, C, onkoloji xəstəliklərdən əziyyət çəkən şəhid ailəsi üzvü olan vətəndaşların dərman vasitələrilə təmin olunmaları üçün 99 vətəndaş müraciəti araşdırılıb və müvafiq qaydada yönləndirilib.
TƏBİB-in “815”, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzlərindən daxil olmuş 461 müraciət araşdırılaraq cavablandırılıb.
Qeyd edək ki, hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəhid ailələri, o cümlədən müharibə iştirakçıları ilə iş üzrə 156 koordinator çalışır.
Koordinatorların əsas vəzifəsi tibb müəssisəsinə müraciət edən şəhid ailə üzvləri, o cümlədən müharibə iştirakçılarının müraciətinin ilk olaraq növbəsiz şəkildə qeydiyyata alınması, ixtisaslı həkim müayinəsinə aparılması, həkim təyinatı əsasında instrumental və laborator müayinələrdən növbəsiz keçirilməsinin təmin edilməsi, həmçinin alınacaq tibbi xidmətin dövlət tibb müəssisələrində olmadığı halda müqaviləli özəl tibb müəssisələrinə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində göndərişlə təmin olunmasına dəstək verilməsi, şəhid ailələri və əlilliyi olan müharibə iştirakçılarının dərman təminatının aparılması üçün “YAŞAT” fonduna təqdim olunacaq sənədlərin hazırlanmasına dəstək göstərilməsindən ibarətdir.
SAĞLAMLIQ / KARUSEL
Tarix: 27-09-2024, 15:20