“BakuBus”da problem - Sağlamlıq imkanları məhdud sərnişinin həyatı təhlükəyə atıldı - VİDEO
Bakıda ictimai nəqliyyatda problemlər bitib-tükənmək bilmir.
Problemlərdən biri də fiziki qüsuru olan insanların ictimai nəqliyyatdan sərbəst istifadə edə bilməmələridir.
Belə hadisə ötən gün “M3” nömrəli ekspress xətti ilə işləyən “BakuBus” avtobusunda baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdikləri məlumata görə, “BakuBus” avtobusuna əlil arabası ilə daxil olan sərnişin təhlükəsizlik tədbirləri üçün nəzərdə tutulan kəməri bağlaya bilməyib.
Sonra digər sərnişinlər sağlamlıq imkanları məhdud şəxsə kömək etməyə cəhd ediblər. Ancaq bunun da bir xeyri olmayıb. Sonda sürücü sükan arxasından düşərək problemi həll etməyə çalışıb. Lakin bu cəhd də nəticəsiz qalıb. Ən sonda isə vəziyyətdən çıxış yolunu təhlükəsizlik kəmərini tutacağa bağlamaqda görüblər. Fiziki məhdudiyyətli sərnişin mənzil başına bu şəkildə çatmalı olub.
Xatırladaq ki, avtobusun orta qapıyla tam üzbəüz girəcəyində əlil arabasında olan fiziki məhdudiyyətli şəxslərin araba ilə dayanmaları üçün oturacaqsız məkan hazırlanıb.
Bu zaman əlil arabası paneldə göstərilən qaydada yerləşdirilir və kəmər vasitəsilə sərnişinin təhlükəsizliyi üçün müvafiq şəkildə avtobusdakı sütuna bərkidilməlidir.
Qeyd edək ki, “M3” xətti üzrə işləyən ekspress avtobuslarda vaxtaşırı müəyyən texniki problemlər yaşanır. Bu avtobus xətti “28 may”-“Koroğlu” metrostansiyaları marşrutu ilə hərəkət edir.
SON XƏBƏR / KARUSEL
Tarix: 23-06-2021, 10:30