mobil versiya

Nazirlər Kabinetindən YENİ QƏRAR




Nazirlər Kabineti “Məlumat mərkəzinin yaradılması və fəaliyyət Qaydası”nı təsdiqləyib.

REPORTYOR.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Məlumat mərkəzi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, texniki tənzimləmə sahəsində bildiriş və məlumatların verilməsini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təsis edilir.

Mərkəz Nazirliyin strukturuna daxil olan qurumun struktur bölməsi kimi təsis olunur. Mərkəz ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsi üçün müvafiq infrastruktura və işçi heyətə malikdir.

Mərkəz aşağıdakı funksiyaları yerinə yetirir:

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər haqqında bildirişlərin verilməsini;

- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin, standartların və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəyin verilməsinin təşkil edilməsini;

- Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların verilməsinin təmin edilməsini;

- xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair Azərbaycan Respublikasının müvafiq qurumlarına məlumatın verilməsini.

Mərkəzin məlumat strukturuna aşağıdakılar daxildir:

- Azərbaycan Respublikasının texniki reqlamentlərinin layihələri və təklif olunan dəyişikliklər;

- uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər;

- beynəlxalq, regional, dövlətlərarası və xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin, standartların layihələri;

- Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları barədə məlumatlar;

- Azərbaycan Respublikasının standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatlar.

Mərkəz texniki tənzimləmə sahəsində bildiriş və məlumatların mübadiləsini elektron poçt ünvanı vasitəsilə və ya yazılı formada həyata keçirir.

Texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər ictimai dinləmələrin və ictimai müzakirənin keçirilməsi məqsədilə Nazirliyin rəsmi internet səhifəsinin xüsusi bölməsində yerləşdirildiyi tarixdən Mərkəz 5 (beş) iş günü müddətində həmin texniki reqlamentlərin layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir. Aidiyyəti dövlət orqanları (qurumları) uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrini və təklif olunan dəyişiklikləri razılaşdırılma üçün göndərdikləri tarixdən 2 (iki) iş günündən gec olmayaraq, bu barədə məlumatları Mərkəzə təqdim edir. Mərkəz müvafiq məlumatı aldığı tarixdən 5 (beş) iş günü müddətində uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələri və təklif olunan dəyişikliklər, həmçinin onların əldə edilmə mənbələri barədə bildirişləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq və regional təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir.

Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə aidiyyəti dövlət orqanları (qurumları) bu Qaydaya uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində texniki reqlamentlərin və uyğunluğun qiymətləndirilməsi prosedurlarının layihələrinə dair rəy bildirməlidir.

Mərkəz Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası təşkilatlar, yaxud xarici ölkələrin aidiyyəti orqanları tərəfindən işlənilib hazırlanmış standartların layihələrini əldə etdiyi tarixdən 3 (üç) iş günü müddətində həmin layihələri müvafiq rəyin bildirilməsi üçün milli standartlaşdırma qurumuna təqdim edir. Milli standartlaşdırma qurumu bu Qaydanın 5.7-ci bəndinə uyğun olaraq layihələrin təqdim edildiyi tarixdən 1 iş günü müddətində həmin layihələri müvafiq sahə üzrə texniki komitəyə göndərir.

Standartlaşdırma üzrə texniki komitə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə daha qısa müddət müəyyən edilmədiyi təqdirdə bu Qaydanın 5.8-ci bəndinə uyğun olaraq məlumatı aldığı tarixdən 60 (altmış) iş günü müddətində standartların layihələrinə dair rəyini bildirməlidir.

Milli standartlaşdırma qurumu həmin rəyləri 2 (iki) iş günü müddətində Mərkəzə təqdim edir. Mərkəz təqdim edilmiş rəyləri 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq, regional, dövlətlərarası təşkilatlara, yaxud xarici ölkələrin aidiyyəti orqanlarına göndərir.

Mərkəz Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında xarici texniki reqlament, uyğunluğun qiymətləndirilməsi prosedurları və xarici ölkələrə məxsus milli standart layihələrinə dair məlumatın əldə edilməsi məqsədilə müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətindən gec olmayaraq xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərir və həmin gün bu barədə müraciət müəllifinə məlumat verir. Sorğu əsasında əldə edilmiş məlumatı həmin gün Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir.

Xarici texniki reqlamentlərin, uyğunluğun qiymətləndirilməsi prosedurlarının və xarici ölkələrə məxsus milli standart layihələrinin xarici ölkələrin aidiyyəti orqanlarının rəsmi internet səhifələrindən əldə edilməsi mümkün olduğu halda, Mərkəz bu barədə məlumatı müraciət daxil olduğu tarixdən 2 (iki) iş günü müddətində müraciət müəllifinə təqdim edir və xarici ölkələrin aidiyyəti orqanlarına sorğu göndərmir.

Mərkəz Azərbaycan Respublikasının üzv olduğu regional standartlaşdırma təşkilatları və Azərbaycan Respublikasının standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr barədə məlumatların Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini və həmin məlumatların mütəmadi yenilənməsini təmin edir.

Mərkəzin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına təmin olunur.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 2-11-2021, 18:15