mobil versiya

10 nazir postu dəyişən siyasətçi –İsrail təcrübəsi, yəhudi nümunəsi




Mikayıl Cabbarovun bir neçə ilin içində “İçərişəhər” qoruğu idarəsinin rəisi vəzifəsindən təhsil naziri postuna, oradan vergilər naziri vəzifəsinə, dünən isə iqtisadiyyat naziri mövqeyinə keçirilməsi mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur.

Bu, ona görə təbiidir ki, indiyədək ölkədə bu qədər sürətlə nazir postu dəyişən ollmayıb. Buraya qədər nazirlər öz vəzifələrində uzunömürlü olurdular, 10-20 il ərzində eyni vəzifədə işləyənlər vardı.

Mikayıl Cabbarovun həm sürətlə nazir postu dəyişməsi, həm də müxtəlif profilli nazirliklərə rəhbərlik etməsi bir ilkdir. Ancaq bu, yalnız öz ölkəmizə aiddir. Dünya təcrübəsində belə yerdəyişmələr, xüsusilə də bir şəxsin ali təhsil alıb yiyələndiyi ixtisasdan fərqli sahələrə təyin edilməsi hadisələri çox olub.

Bu cür təyinatların ən yayğınına İsrail dövlətinin təcrübəsində rast gəlinir.

Məlum olduğu kimi, İsrail dövləti 71 ildir ki, təsis olunub. Dövlətçilik təcrübəsi bir insan ömrü qədər olan İsrailin tarixində indiyə qədər 12 baş nazir olub: David Ben Qurion, Moşe Şaret, Menahem Begin, Qolda Meir, Şimon Peres, İshaq Şamir, Levi Eşkol, İshaq Rabin, Ehud Olmert, Ehud Barak, Ariel Şaron, Binyamin Netanyahu. Onlardan bəziləri həmin posta ayrı-ayrı vaxtlarda iki dəfə seçiliblər.

İsraildə kimisə nazir təyin edərkən onun təhsilinə, ixtisasına o qədər də önəm verilmir. Parlament seçkilərində qalib gələn partiyanın və ya partiyaların formalaşdırdığı seçki blokunun liderləri hökumət kabineti quranda heç də siyasilərin ixtisasına yox, bacarıqlarına, partiyanın onların çiyninə qoyacağı yükü daşıma qabiliyyətinə diqqət edirlər. Çünki İsraildə (eləcə də bir çox başqa ölkələrdə) hesab olunur ki, nazir vəzifəsi siyasi postdur, bu mövqeni tutan şəxs peşəkar mütəxəssislərdən ibarət olan komandasına siyasi rəhbərlik etməlidir.

Ona görə də İsraildə bəzən idman naziri postuna idmançı olmayan şəxsi təyin edirlər. Yaxud mütləq səhiyyə naziri vəzifəsinə həkim, təhsil naziri postuna ixtisasca müəllim təyin etmək vacib sayılmır. Bu ölkədə peşəkar hərbiçi turizm naziri təyin olunduğu kimi, memar da dini işlər və ya daxili işlər naziri postlarını tuta bilər. Elə adamlar var ki, müxtəlif illərdə müxtəlif nazirliklərə (idman naziri vəzifəsindən tutmuş müdafə naziri postuna qədər) rəhbərlik ediblər. 10-a yaxın nazir postu dəyişən, axırda baş nazir olan kadrlar var.

Konkret misallara keçək.


1946-ci ildə İsrail dövləti təşkil olunanda Şimon Peres gənc oğlan olub və dövlətin təsisçisi  David Ben Qurionun komandasında yer alaraq onun siyasi məsələlər üzrə müşaviri olub. Sonralar o,ayrı-ayrı vaxtlarda 4 dəfə xarici işlər naziri postunu tutub, bir ara regional inkişaf naziri postunda çalışıb, iki dəfə baş nazir postuna gəlib.

60 ildən artıq bir müddətdə ölkəsinin siyasi arenasında yer alan, reputasiyasını ləkələməyən Peres karyerasının sonunda İsrail prezidenti seçilib və 7 il bu vəzifədə işləyib.



Qolda Meir əvvəlcə İsrailin sosial təminat naziri olub, sonra xarici işlər naziri postunu tutub, oradan DİN rəhbəri vəzifəsinə keçib, axırda baş nazir vəzifəsində işləyib.



Ariel Şaron ölkəsinin kənd təsərrüfatı naziri olub, müdafiə naziri postunda çalışıb, ticarət və sənaye naziri işləyib,  tikinti naziri vəzifəsini daşıyıb, milli infrastruktur naziri postunu tutandan sonra baş nazir kürsüsünə də yiyələnib.

Ицхак Шамир

İshaq Şamir xarici işlər naziri və müdafiə naziri postları ilə yanaşı, iki dəfə də ayrı-ayrı vaxtlarda baş nazir olub.



Ehud Barak peşəkar hərbçi olsa da (rütbəsi general-leytenant), turizm naziri, daxili işlər naziri, xarici işlər naziri, müdafiə naziri, baş nazir vəzifələrində işləyib, sonra təhsil naziri olub, daha sonra kənd təsərrüfatı naziri postunda çalışıb. Hazırda ikinci dəfə müdafiə naziri postundadır.



Ehud Olmert öncə Yerusəlim şəhərinin meri olub, sonra ticarət və sənaye naziri, daha sonra maliyyə naziri postlarında çalışıb, lap axırda baş nazir vəzifəsində də işləyib.

İsrailin hazırkı baş naziri Binyamin Netanyahunun gəncliyindən bəri müxtəlif hökumət kabinetlərində tutduğu nazir vəzifələri aşağıdakı kimidir: müdafiə naziri, maliyyə naziri, xarici işlər naziri, tikinti naziri, elm, mədəniyyət və idman naziri, ədliyyə naziri, dini işlər naziri, Yerusəlim işləri və diaspora naziri, rabitə naziri, iki dəfə də baş nazir.

Bunlardan başqa, baş nazir olmayan, amma adı çəkilən və çəkilməyən nazirliklərə başçılıq edən İshaq Levi kimi siyasətçilər də var. O, müxtəlf vaxtlarda 6 müxtəlif nazirliyə rəhbərlik edib.



                          Şimon Peres, Binyamin Netanyahu, Ehud Barak 
Bunlar o adamlardır ki, təyin olunduqları nazirliklərdə parlaq işləyiblər, vəzifələrinin öhdəsindən layiqincə gəliblər, etimadı doğruldublar, el dilində desək, işlərini yarıdıblar. Ona görə də təmsil olunduqları partiyalar yenidən hakimiyyətə gələndə onları fərqli sahələrə göndəriblər ki, bu dəfə də ordakı əyər-əskiyi düzəltsinlər.

Beləliklə, dünyanın ən ağıllı millətlərindən biri olan yəhudilər öz dövlətlərini bu sayaq rotasiya ilə, nazirlərin yerini tez-tez dəyşməklə idarə edirlərsə, demək, bildikləri bir şey var.

Hər halda İsrailin bugünkü iqtisadi inkişafı, hərbi qüdrəti, aqrar sahədəki bənzərsiz nailiyyətləri, beynəlxalq nüfuzu göz önündədir. Bu dövləti indiki halına çatdıranlar, şübhəsiz ki, kadrlarıdır.



Ona görə də Mikayıl Cabbarovun və ya digər birinin müxtəlif illərdə müxtəlif nazirliklərə təyinat almasından narahat olmağa dəyməz. Yetər ki, etimad göstərilənlər nazir postunda çalışarkən ətraflarına peşəkar komanda yığsınlar, işi işbilənlərlə görsünlər və özlərini yəhudi nazirlər kimi aparsınlar.

M.Cabbarovun son illərdə bir neçə nazir postu dəyişməsi ondan xəbər verir ki, o, uğurlu kadr sayılır və belə bir əminlik var ki, getdiyi yerdə işləri sahmana salacaq, qayda-qanun yaradacaq (Konkret.az).
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 24-10-2019, 13:15