SEPAH generalı prezidentin həbsini tələb etdi
Virtualaz.org xəbər verir ki, general Ruhaninin və onun administrasiyasının üzvlərinin məhkəməyə cəlb edilməli olduğunu deyib. “Tasnim” agentliyi bildirir ki, general Cəfəri ölkəni büümüş etirazlara görə məsuliyyətin prezident və administrasiyasının üzərində olduğunu bildirib. “O və məmurları xalqın ehtiyacları ilə maraqlanmadılar”,-Cəfəri deyib.
İranda xidmətdə olan generalın prezidentə qarşı bu cür çıxış etməsi nadir hadisədir.Məhəmməd Əli Cəfəri 2019-cu ilin əvvəllərinə qədər qüdrətli İnqilab Keşikçiləri Korpusuna komandanlıq edib, lakin daha sonra hansısa əməliyyatın uğursuz alınmasına görə vəzifəsi kiçildilib və korpusun bölmələrindən birinə komandir təyin edilib.
Cəfəri prezident administrasiyasını bacarıqsızlıqla ittiham edərək deyib ki, hökumətin benzinin bahalaşması barədə son qərarı həm mahiyyətcə, həm icra baxımından uğursuz idi. Çünki hökumət bu addımın xalqın güzəranına təsirini hesablamamışdı və aztəminatlı ailələrin bahalaşmadan zərər çəkməməsi üçün əvvəlcədən tədbirlər görməmişdi. “Məmurlar məhkəmə qarşısında cavab verməlidir”,-general bildirib.
Beynəlxalq insan haqları təşkilatlarının bildirdiyinə görə, İranda bir neçə gün davam edən etirazlar zamanı 200-dən çox adam öldürülüb. Minlərlə etirazçı həbs edilib. İran hakimiyyəti etirazları yatırmaq üçün ifrat güc tətbiq edib, eyni zamanda etirazçılar yüzlərlə bank şöbələrini, benzindoldurma stansiyalarını və digər ictimai obyektləri yandırıblar.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 29-11-2019, 10:05