Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
DİA.AZ: - Redaksiyamıza müraciət edən bir qrup Mingəçevir şəhər sakini bildirir ki, artıq bir neçə gündür, Mingəçevirdə fəaliyyətdə olan bütün idarə və müəssisə çalışanlarının şəxsiyyət vəsiqələri rəhbərləri tərəfindən yığılıb.
Sakinlərin bildirdiyinə görə, bütün bunlar qarşıdan gələn 9 Fevral Milli Məclis seçkiləri ilə əlaqədardır.
Qeyd edək ki, sözügedən faktla yanaşı Mingəçevirdən gələn məlumatlarda bildirilir ki, 47 saylı seçki dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadənin xeyrinə işarələnmiş hazır bülletenləri seçki qutularına atmaq kimi bir təlimat almış dəstələr də məhz büdcə təşkilatlarında formalaşdırılıb.
Məlumata görə, hər bir idarə və müəssisədə 5 nəfərdən ibarət qruplar yaradılıb və onlara əvvəlcədən işarələnmiş bülletenlər veriləcək ki, müxtəlif məntəqələrdə "karusel" şəklində qutuları doldursunlar. Bununla bağlı məntəqə sədrləri də əvvəlcədən məlumatlandırıldığından onlara yalnız rəqib namizədlərin müşahidəçilərindən başqa kimsənin maneçilik törətməyəcəyi bəlli olur. Hər halda planları belədir.
Xatırladaq ki, dünən 47 saylı Mingəşevir seçki dairəsindəki saxtalaşdırma tədarükündən narahatçılıq keçirən deputatlığa namizəd Məhəmməd (Ərsoy) Zamanov Prezident İlham Əliyevə müraciət edib.
Bununla bağlı son açıqlamasında Məhəmməd Zamanov bildirib ki, bütün saxtalaşdırma tədarüklərindən xəbərdardırlar və Prezidentə növbəti dəfə müraciət edəcək və Prezidentdən 47 saylı dairənin onun şəxsi nəzarətinə götürülməsini xahiş edəcək: "Artıq Prezidentə rəsmi müraciətə hazırlaşırıq..."
SON XƏBƏR / SİYASƏT / ÖLKƏ
Tarix: 4-02-2020, 20:15