Koronavirusa yoluxanların gerçək sayı 20 dəfə çoxdur - ARAŞDIRMA
Dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı daha bir elmi araşdırmanın nəticələri açıqlanıb.
“Report” xəbər verir ki, virusla bağlı tədqiqat aparan Almaniyanın Göttingen Universiteti alimlərinin qənaətinə görə, rəsmi rəqəmlər koronavirusa yoluxanların yalnız 6%-ni əks etdirir.
Kristian Bommer və Sebastian Follmerin apardığı araşdırmada müxtəlif ölkələrdəki ölüm nisbətləri arasındakı variasiyanı təhlil ediblər. Məsələn, İtaliyada koronavirusdan ölüm 11,7% olduğu halda bu rəqəm Almaniyada 10 dəfə azdır – 1,1%.
Araşdırmaçıların fikrincə, bu, bəzi ölkələrdə qeydə alınan koronavirusa yoluxma hallarının sayının gerçək rəqəmdən çox az olmasından qaynaqlanır. Tədqiqatda ölüm sayını rəhbər tuturaq martın 31-də dünyada yoluxma hallarının sadəcə 6%-nin aşkarlandığını açıqlanıb.
Alimlər belə nəticəyə gəlib ki, martın 31-nə olan vəziyyətə görə, koronavirusa yoluxanların Almaniyada 15%, İtaliyada 3,5%, İspaniyada isə yalnız 1,7%-nə rast gəlinib. Bu baxımdan ən aşağı göstəricilərdən biri də ABŞ (1,6%) və Böyük Britaniyadadır (1,2%).
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 952 nəfəri sağalıb, 95 753 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 10-04-2020, 12:57