Ramiz Mehdiyev Prezidentə məktub yazdı
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri, akademik Ramiz Mehdiyev qurumun Rəyasət Heyətinin üzvləri adından Prezident İlham Əliyevə məktub yazıb.
REPORTYOR.AZ president.az-a istinadən məktubu təqdim edir:
Zati-aliləri, möhtərəm cənab Prezident.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir.
Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.
Eyni zamanda, koronavirus dövründə Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfə və əsl nümunədir.
Sizin böyük uzaqgörənliyinizlə illərdən bəri səhiyyə sahəsində həyata keçirilmiş islahatlar bu gün pandemiya şəraitində bir çox problemlərin zamanında tam həll olunmasına şərait yaradır.
Ölkəmizdə özəl sektorun fəaliyyətinin dəstəklənməsi, iş yerlərinin qorunub saxlanılması, iqtisadiyyatın real sektorunun işinin davam etdirilməsinin təmin olunması xalqımıza böyük qayğının əməli ifadəsidir və postpandemiya dövrünün çağırışlarına tam cavab verir.
Azərbaycan alimləri koronavirus dövrünün proseslərini və hadisələrini diqqətlə izləyib təhlil etməyi və çıxış yolları haqqında proqnozlar hazırlamağı özlərinə borc bilirlər.
Cənab Prezident, Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi həmişə olduğu kimi, pandemiya dövründə də ölkəmizi və xalqımızı bu çətin imtahandan uğurla çıxaracağınıza ürəkdən inanır.
Bu böyük sınaq günlərində xalqımız qarşısında göstərdiyiniz böyük xidmətlərə görə Azərbaycan alimlərinin dərin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm.
Sizə möhkəm cansağlığı və daha böyük uğurlar arzulayıram.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 23-04-2020, 15:49