“Kontakt Home”un işçiləri koronavirusa yoluxdu – “Virusdan qorxanları işdən qovurlar” – AÇIQLAMA
“Kontakt Home” mağazalar şəbəkəsinin işçilərində koronavirus aşkarlandı.
Minval.info xəbər verir ki, şirkətin Bakı metrosunun “20 Yanvar” stansiyası yaxınlığında yerləşən filialında işçilər koronavirusa yoluxub. Belə ki, ilk olaraq hüquq şöbəsində çalışan əməkdaşda virus aşkar edilib. Daha sonra onun otaq yoldaşlarından da test götürülüb və onlarda nəticə müsbət çıxıb.
Digər şöbədə çalışan mağazanın əməkdaşları da həmin şəxslə kontaktda olduğu üçün onlar da yoluxub. Hazırda “Kontakt Home”un həmin filialında 10-dan çox əməkdaşda koronavirus aşkar edilib. Buna rəğmən iş rejimi davam etdirilib və beləcə həmin şöbəyə gələn vətəndaşlar da yoluxma təhlükəsi ilə üz-üzə qalıb.
Əldə etdiyimiz məlumata görə, bu cür vəziyyətə rəğmən şirkət işi davam etdirməklə yanaşı əməkdaşların Covid-19 test üçün də heç bir addım atmır. Əksinə, “Kimin özündən şübhəsi varsa gedib öz hesabına test etdirsin. İşə gəlmək istəməyənlər ərizə yazıb öz hesabına məzuniyyət götürə bilərlər” deyilir. Narahat olduğu üçün məzuniyyətə çıxanlar isə sonradan işdən çıxarılır.
Hazırda ilk yolxuanlardan biri olan mağazanın Bəhruz Əliyev adlı əməkdaşı 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır.
Qeyd edək ki, son karantin qaydalarına görə, “Kontakt Home”un fəaliyyəti onlayn iş rejimində çalışa bilər. Amma buna rəğmən işçilər işə dəvət edilir.
“Kontakt Home”un sözçüsü Vəfa Rüstəmova saytımıza bildirdi ki, test nəticələri pozitiv çıxan əməkdaşlara yardım edilir: “Əvvəla, bildirmək istərdik ki, pandemiyanın ölkəmizdə yayıldığı ilk gündən etibarən təhlükəsizlik qaydalarına ciddi riayət edir. Bütün əməkdaşların işə gələrkən girişdə xüsusi cihazla temperaturu yoxlanılır, tibbi maskası olmayan əməkdaşlar tibbi maska ilə təmin olunur. Ümumiyyətlə, iş prosesində maskasız gəzmək tam qadağan olunub. Özündə xəstəlik simptomu hiss edən, xəstəliklə bağlı ehtiyat, narahatlıq keçirən hər kəs birbaşa evə karantinə yollanılır, simptomlar olduğu təqdirdə, şirkət hesabına test elətdirilirlər. Ümumiyyətlə, əməkdaşların əmək təhlükəsizliyi üçün hər şərait yaradılıb.
Qeyd etdiyiniz kimi, Bəhruz Əliyev bizim Hüquq və Problemi Kredit Ofisinin hüquq icraçısı vəzifəsində çalışır. Əməkdaş işə gələrkən onda yüksək temperatur aşkarlanıb və dərhal evə buraxılıb. Əməkdaşdan evdə test götürülüb və nəticəsi pozitiv olduğuna görə xəstəxanaya yerləşdirilib. Eyni zamanda onunla bərabər çalışan əməkdaşlar da şirkət hesabına test verib. Bəhruz bəyin müalicəsi üçün lazım olan dərmanlar şirkət tərəfindən alınıb və ünvanına göndərilib. Nəticəsi pozitiv çıxan digər əməkdaşlara da maddi yardım olunub.
Ümumiyyətlə, hazırda Hüquq və Problemi Kredit Ofisinin 70%-ə yaxın əməkdaşı evdən çalışır. Sabahdan etibarən isə əməkdaşların hamısı evdən çalışma rejiminə keçiləcək.
Təəssüf ki, mövcud virus hazırda təkcə özəl şirkətlərində deyil, ölkənin hər sahəsində, hər insanın qapısını döyə bilər. Lakin ABC-Telecom olaraq, əməkdaşlarımızın sağlamlığının qorunması üçün bizə düşən hər şeyi edirik”.
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 24-06-2020, 15:16