mobil versiya

Yalnız şərəfi ilə yaşayanlar, şərəfi ilə ölə bilər - Şəhid Əkbər Cəfərovun əziz xatirəsinə!




Allahın rəhməti sizlərdən əskik olmasın, əziz şəhidlər!

Bu gün hər bir Azərbaycan vətəndaşı torpağımız uğrunda canından keçən oğullarımızı tanımalı və tanıtmalıdır ki, gələcək nəsillər milli kimliyimizin dəyərinə vaqif olsun.


Onların hər biri istinasız olaraq bizim üçün əzizdirlər. Müqəddəs amal uğrunda şəhid onlanlardan biri də Əkbər İsmayıl oğlu Cəfərovdur.

Əkbər 1963-cü il iyun ayının 29-da Gədəbəyin Şəkərbəy kəndində anadan olub. Orta təhsili başa vurduqdan sonra 1981-83-cü illərdə Macarıstanda  piyada qoşunlarında xidmət göstərib. O, hərbi xidmətini başa vurduqdan sonra Bakıda yaşayıb və işləməyə başlayıb. 1988-ci ildə Milli Azadlı Hərəkatının ilk günlərindən meydanda bu hərakatda iştirak edirb. 20 Yanvar 1990-cı ildə Sovet-us hərbi hissələrinin Bakıya girişi sırasında möcüzə nəticəsində sağ qalıb.

Uca Allah həmin gün Əkbərə şəhidlik zirvəsini qismət etməsə də, Əkbər bütün varlığı ilə cəbhəyə yola düşməyə can atır. Nəhayət bu arzusu 1993-cü ilin payızında gerçəkləşir. Suraxanı hərbi komissarlığına etdiyi müraciət müsbət qiymətləndirilir və Əkbər könüllü batalyonun tərkibindən ən şiddəyli döyüşlərin getdiyi Füzuli cəbhəsinə yola düşür. Xatırlatmağı özümə borc bilirəm ki, Əkbər ailəli idi və iki övladı vardı. Oğlu yenicə dünyaya gəlmişdi.

İlahi imtahanın ən ağırlarından biri heç şübhəsiz ki, canı ilə yanaşı övladını da tərk etməsi idi. Əkbər Horadizin düşmən tapdağından azad edilməsindən qısa müddət sonra bölgədəki döyüşlərdə iştirak etməyə başlayır. İmanı, qorxmazlığı, şücaəti və Allahın da yardımı ilə düşmənin 10-dan çox zirehli texnikasını məhv edir. Bununla bərabər o, Böyük Bəhmənli, Kiçik Bəhmənli, Seyfəli kimi kəndlərin yağıdan azad edilməsi zamanı 100-dən çox düşmən əsgərini məhv edir.  

Nəhayət ordumuz Füzuli şəhər mərkəzinin bir kilometrliyinə qədər irəliləməyə müvəffəq olur. Şəhərin önündəki son əngəl Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə yaralı silahdaşını bölgədən sağ-salamat çıxarmağı bacaran Əkbər yenidən şiddətli döyüşlərin getdiyi meydana geri qayıdır. Düşmən snayperinin hədəfinə tuş gələn Əkbər silahdaşlarının israrlarına baxmayaraq, döyüşü yarımçıq tərk etmir. Artıq ilahi vüslata yaxınlaşdığını anlayan yaralı igidimiz doğmalarına son məktubunu yazmaq üçün qələmini çıxarır. Lakin məktubu yarımçıq qalır. O, sözlərini tamamlaya bilmədən həyata əbədiyyən gözlərini yumur.

Şərəfli ömür hər kəsə qismət olmur. Yalnız şərəfi ilə yaşayanlar, şərəfi ilə də ölə bilərlər. İlahi qanun yenidən təcəlli edir. Ruhunun qarşısında baş əyirik. Allah səni Hz.Həmzə, Hz.Hüseyn kimi şəhidlərlə məhşər meydanına gətirər, İnşAllah!

Əkbər Cəfərov 1994-cü ilin 12 yanvarında ikinci Fəxri Xiyabanda şəhidlərimiz üçün hazırlanmış şəhidlikdə dəfn edilib.







İbrahim Ali

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-06-2020, 17:32