mobil versiya

Görüntülər yalandır, orada bir nəfər də erməni yoxdur – Rəhimov



Xəbər verildiyi kimi, artıq bir neçə gündür ki, Moskva şəhərində fəaliyyət göstərən “Fud siti” topdansatış bazasına erməni ticarətçilər buraxılmır. Bu qərarı sözügedən bazarın azərbaycanlı sahibləri İlham Rəhimov və yəhudi əsilli iş adam Qod Nisanov veriblər. Məlumatı İlham Rəhimov şəxsən özü də təsdiqləyib.

REPORTYOR.AZ Musavat.com-a istinadla xəbər verir ki, o, ötən gün jurnalist Aygün Muradxanlıya verdiyi müsahibədə məsələnin detallarını ictimaiyyətə izah edib. Əsas səbəb kimi Ermənistanın Tovuz rayonuna son hücumu göstərilib.

İyulun 18-də sosial şəbəkələrdə erməni ticarətçilərin guya “Fud siti”yə geri döndükləri, orada məhsul satdıqları haqda video yayılıb. Bununla bağlı jurnalist Aygün Muradxanlı professor İlham Rəhimovdan açılqama alaraq özünün Feysbuk hesabında paylaşıb.

“Bu görüntülər, yəqin ki, bir erməni provokasiyasıdır. Bir neçə dəqiqə öncə professor İlham Rəhimovla danışdım. Bu videonu çəkən axtarılır… Dediklərini nöqtə-vergülünə toxunmadan paylaşıram:

”Bu çəkilişi mənə də göndərmişdilər. Dərhal göstəriş verdim ki, provokasiyanı kimlərin təşkil etdiyi araşdırılsın. "Fud siti"də bir nəfər də erməni yoxdur. Qərarımız qüvvədədir – heç bir Ermənistan məhsulu, erməni iş adamı əraziyə buraxılmır. "Fud siti"nin işlətməçilərinə bununla bağlı tapşırıq verilib. Provokasiya yersizdir”.

Yada salım ki, artıq 3 gündür, Avropanın ən böyük topdansatış mərkəzi olan "Fud siti"də Ermənistan məhsullarının satışı dayandırılıb. Bu, Ermənistan iqtisadiyyatı üçün böyük itkidir”, – jurnalist yazıb.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-07-2020, 12:00