mobil versiya

Millət vəkilindən VACİB XƏBƏRDARLIQ: Vaxtında tədbirlər görülməsə...






"Məlum olduğu kimi, hər bir dövlətin təhlükəsizliyinin təmin edilməsinin ən vacib istiqamətlərindən biri, bəlkə də birincisi informasiya təhlükəsizliyidir. Dövlətin və millətin inkişafı açıqlığı, əməkdaşlığlı, müasirliyi, yeni texnologiyaların tətbiqini tələb edirsə, təhlükəsizliyin təmin edilməsi daha çox mövcud şəraitə uyğun davranılan mühafizəkarlıqla olar. Əgər mühafizəkarlıq və yeni texnologiyaların tətbiqində  “qızıl orta” tapılmazsa, informasiya təhlükəsizliyi həm klassik, həm də müasir anlamda etibarlı təmin olunmazsa, ağır nəticələrə gətirə bilər".

AZSABAH.COM-a bu fikirləri millət vəkili, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutun direktoru Musa Qasımlı deyib.

Görkəmli alim sözlərinə belə davam edib: "Bu baxımdan xaricdə oturan bəzi şəxslərin sosial şəbəkələr vasitəsilə dövlətimizə, onun orqanları olan ordumuza, polisimizə, dövlət təhlükəsizliyi xidmətimizə, dövlət adamlarımıza qarşı qarayaxma, böhtan və  təhqirlər yağdırmaları təhdidedici olmaqla yanaşı, informasiya təhlükəsiziliyinin təmin edilməsindəki boşluqları da göstərir. Ərazilərimizin bir hissəsini işğal altında saxlayan ümumi düşmənimiz təcavüzkar Ermənistan olsa da, həmin adamların fəaliyyəti Azərbaycan Respublikası dövləti əleyhinə yönəldiyindən işğalçı ölkə ilə eyni cərgədə yer aldıqları şəksizdir.

Çoxlu suallar yaranır: məqsəd nədir? Məqsəd aydındır: millət və dövlət arasında uçurum yaratmaq, dövləti zəiflətmək, ölkəni xaos və anarxiyaya sürükləmək.

Bəs internet telekanallarını açaraq hədyanlar söyləyən şəxslər lazımi vəsaiti haradan alırlar? Burada da məncə, cavab birmənalıdır: Azərbaycanı zəif, məğlub vəziyyətdə görmək istəyən dairələrdən və dövlətlərdən. Deməli, anti-Azərbaycan qruplardan, bilavasitə və bilvasitə erməni diasporası, lobbisi və ya onların maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarından.

Belə fəaliyyətlərin yalnız bir adı var: Vətənə xəyanət! Fikrimcə, bəlkə də bütün digər cinayətlərə görə verilən cəzaları yungülləşdirmək olar, ancaq Vətənə və dövlətə xəyanət bağışlanmamalı, qanunlar çərçivəsində ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun".

Millət vəkilinin sözlərinə görə, sosial şəbəkələrdə bu meyillərin getdikcə artmasını bəziləri yanlış olaraq demokratiya kimi başa düşürlər: "Həmin fikirlərlə qətiyyən razılaşmaq olmaz, çünki demokratiya anarxiya, xaos, başıpozuqluq deyil, qanunun aliliyi və qanun qarşısında hamının bərabər olmasıdır. Axı, mövcud dövlət quruluşunu devirməyə, əhalini itaətsizliyə və zorakılığa təhrik etmək çağırışları, dövlət adamlarına böhtan atmaq nə vaxtdan demokratiya olub? Bütün bunlar dövlət əleyhinə cinayət əməlləri olduğundan əgər vaxtında tədbirlər görülməsə, biz bir neçə ildən sonra ölkəmizdə beyinləri yuyulmuş anti-milli, kosmopolit bir kütlənin mövcudluğu ilə üz-üzə qala bilərik. Nəticədə millətimizin müqavimət gücü azalar və dövlətimiz zəifləyər.

Beləliklə, cəmiyyətin sifarişinə çevrildiyindən sosial şəbəkələrə dair müvafiq qanunun qəbul edilməsi zəruridir. Bundan ötrü Almaniya, Türkiyə, ABŞ və Fransanın təcrübəsindən istifadə etmək olar. Birdəfəlik başa düşülməlidir ki, millətimizin tərəqqisi yalnız güclü Azərbaycan Respublikası dövləti ilə bağlıdır".


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 1-08-2020, 12:12