"Karqo maxinasiyalarında mənimsənilən 100 milyonları..." - Səfər Mehdiyevə sərt ittiham
"İstənilən islahat ilk olaraq sıravi vətəndaşın maddi vəziyyətini yaxşılaşdıran olmalıdır, söz yığını deyil. Gömrükdə edilən son düzəlişlər isə əksinə, vətəndaşların rihaf halının pisləşməsinə, qiymət artımına xidmət edəcək”.
Bu fikirləri hüquqşünas Aslan İsmayılov bildirib. O əlavə edib ki, Dövlət Gömrük komitəsinin sədri Səfər Mehdiyevin yeni qərarla bağlı çıxışı isə söz yığınından başqa həm də çox ziyanlıdır. Aslan İsmayılov bu fikrini şağıdakı kimi izah edib:
"Birincisi, bu addım islahatın olmadığını tirajlayanlar üçün çox yaxşı sübutdur. Çünki istənilən limit, məhdudiyyət islahat sözünə ziddir.
İkincisi, Səfər Mehdiyev ”bu qərar artıq yüksək səviyyələrdə müzakirə olunub və qəbul edilib” deməklə yaranmış kütləvi narazılığı dəfələrlə islahatların dönməz olacağını, dövlətin siyasətinin episentrində Azərbaycan vətəndaşının dayandığını bəyan edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əleyhinə yönəldir.
Üçüncüsü, Gömrük Komitəsi və bu addımlara dəstək olanlar bir daha göstərirlər ki, onları vətəndaşın maddi durumunun yaxşılaşdırılması yox, ancaq büdcənin doldurulması maraqlandırır.
Dördüncüsü, Gömrük Komitəsi hələ də anlamır ki, onların məqsədi ölkədə daxili istehsalın inkişafına yönəlməlidir. Bunlar isə ölkədə istehsal olunmayan mallara astronomik rüsumlar tətbiq etməklə vətəndaşların vəziyyətinin pisləşməsi hesabına büdcəni doldurmaq istəyirlər. Normal qiymət siyasəti olmayan bir bazarda bu dəyişiklik ancaq qiymət artımına gətirib çıxardacaq.
Beşincisi, bir çox vəzifəli şəxslər hələ də anlamırlar ki, indiki çətin maddi durumdan ölkəni xilas edəcək orta və xırda sahibkarlığın inkişafı üçün birinci növbədə inzibati qadağaların, kargüzarlıq əməliyyatlarının, lazımsız get-gəl prosedurlarının sayının azalmasıdır. Onlayn sifariş üzərindən isə minlərlə vətəndaş ailəsini dolandırır.
Altıncısı, hələ də məmurlar tənqidi fikirləri düşmənçilik kimi qəbul edir və bu fikri söyləyənlərə qarşı hörmətsizlik edirlər. S.Mehdiyevin hikkə ilə ”ekspertlərin şərhlərinə ehtiyacımız yoxdur” deməsi bunun bariz sübutudur. Yeri gəlmişkən, Gömrük Komitəsi icra orqanıdır və qərarları Nazirlər Kabinəti verir. S.Mehdiyevin rəftarı isə Nazirlər Kabinetinin notarial kontor olduğunu aydın göstərir. İstərdim ki, Nazirlər Kabineti buna münasibət bildirsin.
Yeddincisi və ən sonuncusu, S.Mehdiyev bildirir ki, bu dəyişikliklə büdcəyə mədaxil il ərzində 70-100 milyon manat artacaq. Göstərdiyiniz məbləğə görə bu qədər narazılıq yaratmağın bir adı var - vətəndaşa düşmənçilik! Ondansa yaratdığınız "karqo maxinasiyaları"nda mənimsənilən 100 milyonları büdcəyə yönəldin. Əminəm ki, qısa zamanda planı da artıqlaması ilə dolduracaqsınız, vətəndaşların da narazılığı aradan qalxacaq”.
Hüquqşünas ümid edir ki, ölkə rəhbərliyi sosial şəbəkələrdə olan kütləvi narazılığı nəzərə alıb bu qərara yenidən baxacaq və vətəndaşların maraqlarını hər şeydən üstün tutacaq.
Mənbə: Yenisabah.az
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 27-08-2020, 09:32