mobil versiya

ŞOK: “İndi mənə iynə vurub öldürəcəklər!” - Koronavirus xəstəsi



Türkmənistan hakimiyyəti ölkədə koronavirusun olduğunu hələ də inkar edir, hərçənd xəstəxanalar COVID-19 simptomlu xəstələrlə doludur və üstəlik ölkəni bürüyən şaiyələrə görə, onları hansısa iynə ilə öldürürlər.

REPORTYOR.AZ
“Azadlıq” radiosunun türkmən xidmətinə istinadən xəbər verir ki, Türkmənistan hakimiyyəti sentyabrın 7-də qanunvericiliyə dəyişiklik edib. Bu dəyişikliyə əsasən təhlükəli infeksion xəstəliyə yoluxduğunu düşünən adamlar hökmən həkimə müraciət etməlidir. Belə simptomlarla xəstəxanada olanlar isə tibb müəssisəsinin yazılı icazəsi olmadan oranı tərk edə bilməzlər.

Təhlükəli xəstəliklərə yoluxanların xəstəxanalara müraciət etməli olduğu haqda bu əmr dünyanın bütün ölkələrini bürümüş koronavirus pandemiyasını nəzərə alanda artıq görünür. Lakin Türkmənistanda koronavirus rəsmən mövcud deyil. Hərçənd hakimiyyət havadakı “tozun” potensial mənfi təsirləri barədə xəbərdarlıq edir və vətəndaşlara maska taxmağı tövsiyə edir.

Qeyri-rəsmi mənbələrdən daxil olan çoxsaylı məlumatlar isə göstərir ki, xəstəlik Türkmənistanda nəzarətdən çıxıb. Əgər Türkmənistan hakimiyyəti ölkədə koronavirusun və digər təhlükəli yolxucu xəstəliklərin olmadığını deyirsə o zaman qanunu dəyişdirmək nəyə lazım idi?  Nəyə görə vətəndaşlar həkimə müraciət etməyə məcbur edilir və bundan yayınanları 5 il həbs cəzası gözləyir?

Xəbərlərə görə, Türkmənistanda xəstəxanalar respirator xəstəliklər simptomlu insanlara doludur, bir çoxlarına görə, söhbət məhz koronavirus xəstələrindən gedir. Xəstəxanalarda pulsuz yerlər yoxdur, ağır xəstələri olanlar isə yaxınlarını xəstəxanalara yerləşdirə bilmək və onları oksigen aparatına qoşdurmaq üçün rüşvət verirlər. Bildirilir ki, insanlar müalicə almaq üçün xəstəxanalara üz tuturlar, amma səhiyyə sistemi həddən artıq yüklənib.

Üstəlik son həftələr ərzində Türkmənistanda inanılması çətin olan şaiyələr baş alıb gedir. Məsələn, sentyabrın 1-də müstəqil Turkmen.news saytı Vekilbazar rayonundan polis mayoru Sape Qurbanquliyev haqda yazıb. Bildirilir ki, mayor iyunun sonlarında xəstələnib və Marı vilayət xəstəxanasına yerləşdirilib. Onun yüksək temperaturu olub, sonra ciyərlərinə maye yığılıb, amma vəziyyəti kritik olmayıb.

Sonra Qurbanquliyevin halı qəfildən pisləşib, onda tənəffüs problemi yaranıb. Nəticədə xəstəni Yoloten qəsəbəsindəki başqa xəstəxanaya aparıblar. İyulun 3-də arvadına zəng vurub, təcili xəstəxanaya gəlməyi və onu buradan çıxarmağı xahiş edib. Mayorun arvadı karantinə görə xəstəxanaya gedə bilməyib, ərinə zəng vurub deyib ki, onu buraxmırlar. Saytın yazdığına görə, mayor belə cavab verib: “Onda indi mənə iynə vurub öldürəcəklər!”. Yarım saat sonra xəstəxanadan Qurbanquliyevin arvadına zəng vuraraq ərinin öldüyünü xəbər veriblər.

Türkmənistanın hər yerindən adamlar “Azadlıq” radiosunun redaksiyası ilə əlaqə saxlayıb analoji əhvalatlar danışırlar. Bildirilir ki, pasiyentlər koronavirus əlamətləri ilə xəstəxanalara daxil olurlar və bir neçə gün sonra ölürlər. Bəzən xəstəxanaya yerləşdirildikdən 1-2 saat sonra onların ölüm xəbəri gəlir. Qohumlarından isə tələb edirlər ki, həkimlərə və hakimiyyətə heç bir iradlarının olmadığı haqda izahat yazsınlar.

Onlarla adam hesab edir ki, COVID-19 əlamətləri olan xəstələrə hansısa iynə vurub öldürüblər. Meyitləri isə plastik torbalarda verirlər, qohumlarına tapşırırlar ki, torbaları açmasınlar və meyiti təcili basdırsınlar.

Bu şaiyələr nə dərəcədə doğrudur, məlum deyil. Amma fakt faktlığında qalır: belə şaiyələr bütün Türkmənistanı bürüyüb və insanlar koronavirusa yoluxduqlarından şübhələnəndə xəstəxanalara müraciət etməkdən qorxurlar. Qanuna edilmiş həmin dəyişiklik isə insanların qorxusunu daha da artırıb və onlar düşünürlər ki, COVID-19 əlamətləri ilə xəstəxanaya düşsələr öləcəklər.Virtualaz.org



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-09-2020, 12:11