“Rüstəm Muradov geri çağırılsın...” – Sülhməramlıların komandanı ilə bağlı Rusiyaya müraciət ediləcək?
"Bakı Moskvadan Rüstəm Muradovun geri çağırılmasını tələb etməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağdakı Rusiya sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradovun keçmiş qondarma rejim rəhbəri Araik Arutyunyanla qucaqlaşaraq toto çəkdirməsinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Muradovun bu hərəkəti cinayətdə suçlanan şəxsi qorumağa, müdafiə etməyə hesablanıb:
"Sülhməramlılar prosesdə neytral mövqe tutmalıdır. Görünən isə odur ki, Rusiya sülhməramlı qüvvələrin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyəti antiazərbaycan mahiyyətlidir. Təəssüf ki, bu hal özünü açıq-aydın göstərir.
Keçmiş qondarma rejimin rəhbəri, hərbi cinayətdə ittiham olunan Araik Arutunyan beynəlxalq axtarışa verilib. Belə bir situasiyada sülhməramlı qüvvələrin rəhbərinin hərbi cinayətdə suçlanan şəxslə isti münasibəti onu müdafiə etməyə və hansısa proses formalaşdırmağa xidmət edir. Son təxribatlar da göstərdi ki, sözügedən sülhməramlıların missiyası ancaq erməniləri müdafiə etməkdən ibarətdir. Az qala, hər gün Rusiya tərəfindən Ermənistandan ermənilərin Xankəndinə köçürülməsinin şahidi oluruq”.
Həmsöhbətimiz qeyd etdi ki, bu hərəkətlər sülhməramlı missiyanın fəaliyyətinə heç də başucalığı gətirmir: "Təbii ki, sülhməramlı qüvvələrin rəhbərinin həmin hərəkətləri qəbulolunmazdır. Situasiya belə davam edəcəksə, Xankəndi, Xocalı və digər ərazilərimizə azərbaycanlıların köçürülməsi mümkün olmaya bilər. Belə ki, sülhməramlıların bu sayaq fəaliyyəti fonunda həmin qüvvələrin azərbaycanlıları ermənilərdən necə müdafiə edəcəyi sual altındadır”.
M. Əsədullazadə düşünür ki, R. Muradovla bağlı Bakı Moskvaya müraciət etməlidir:
"Məsələ ilə bağlı Bakı Moskvaya müraciət etməli, xatırlatmalıdır ki, sülhməramlılar qanundankənar əməllərə getməsinlər. Onlar qanundankənar əməllərini davam etdirəcəyi təqdirdə Azərbaycan həmin missiyanı qəbul etməyəcəyini elan etməlidir.
Bir sözlə, Rüstəm Muradovun həmin addımları sülhyaratma missiyasının tələblərinə cavab vermir. Azərbaycan onun dəyişdirilməsini Moskvadan tələb etməlidir”.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-12-2020, 16:09