mobil versiya

Litva Şengen vizası olan Rusiya vətəndaşlarına girişi bağlayıb



Etibarlı Şengen vizasına malik Rusiya Federasiyası vətəndaşları bazar ertəsi yerli vaxtla saat 00:00-dan etibarən Litvaya daxil ola bilməyəcəklər.

Bu barədə "Report" Litva mətbuatına istinadən xəbər verir.

Belə ki, Litva Seyminin 13 sentyabr tarixli qərarı qüvvəyə minib. Qərara əsasən, Ukraynada baş verən hadisələrlə əlaqədar olaraq, fövqəladə vəziyyət dekabrın 15-dək uzadılıb və etibarlı Şengen vizası olan Rusiya vətəndaşları üçün belə, bu ölkəyə giriş bağlanıb.

Bu norma Polşa və digər Baltikyanı ölkələr tərəfindən də dəstəklənir. Eyni zamanda, Vilnüs qadağadan kənar ölkəyə buraxılacaq Rusiya vətəndaşlarının kateqoriyalarını da açıqlayıb.

Bu, Rusiya diplomatlarına, müxalifət nümayəndələrinə, digər Aİ ölkələrinə daşımaları həyata keçirən şirkətlərin əməkdaşlarına, habelə üzv ölkələrdə etibarlı yaşayış icazəsi təqdim edə bilən və ya üzv ölkələrin vətəndaşı olan şəxslərin ailə üzvlərinə aiddir.

Bu gündən Rusiya vətəndaşlarının Şengen vizası ilə Latviyaya da girişi qadağan olunacaq. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib. Onun sözlərinə görə, ruslar ölkəsində xoş qarşılanmır.

E.Rinkeviç eyni zamanda Rusiyaya müraciət edib: “Ukrayna ilə müharibəni dayandırın və bu ölkədən çıxın”.

Şengen vizası bir çox Avropa İttifaqı ölkəsinə girişə icazə verən sənəddir.

Xatırladaq ki, bir müddət əvvəl Estoniya, Latviya və Litva Rusiya vətəndaşlarının bu ölkələrə girişinin məhdudlaşdırılması barədə prinsipial razılığa gəliblər.

DÜNYA
Tarix: 19-09-2022, 13:51