mobil versiya

“Müəllimlər üçün də geyim normaları olsun”



Təhsil eksperti: “Mən bunu insan hüquqlarının məhdudlaşdırılması kimi yox, nümunəvi davranışın təşviqi kimi görürəm...”
Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Nazirlikdən verilən məlumata görə, hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.
Təlimatda qeyd edilib ki, təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə əqli gerilik və ya xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki çatışmazlıq) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.
Eyni zamanda, şəxsi gigiyena qaydalarına riayət edilməli, dərs zəngindən əvvəl üst geyimi (palto, papaq, kapüşonlu jaket və s.) çıxarılmalı, ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarına aid qaydalara riayət olunmalı (məktəbli forması, ayaqqabı və s.), geyim səliqəli və təmiz olmalı, uzunluğu çiyindən aşağı olan saçlar səliqəli şəkildə arxadan toplanmalı, fiziki tərbiyə dərsləri üçün məktəbin geyim qaydalarına riayət edilməlidirlər. Bundan əlavə, çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqala da icazə verilmir.
Ümumi təhsil müəssisələrin yuxarıda qeyd olunanlarla bağlı daxili qaydalar tərtib etmələri tələb olunur. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. Hər iki sənəd ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən edir. Sənədlər bu gündən etibarən iki həftə ərzində ictimai müzakirəyə çıxarılır. Toplanmış rəy və təkliflər nəzərə alınaraq sənədlərin son versiyası hazırlanacaq, 2023-cü ilin əvvəlindən etibarən isə tətbiqinə start veriləcək.


İlqar Orucov: "Təhsili əlçatan etməliyik" -
 İlqar Orucov
Təhsil eksperti İlqar Orucov qaydaların hazırlanmasını dəstəkləyir: “Məktəb tərbiyə müəssisəsi kimi cəmiyyətə nümunəvi davranışı aşılmalıdır. İstər müəllimlər, istərsə də şagirdlər üçün nizam-intizam qaydaları olmalıdır. Dar geyimdə, qısa ətəkdə, zinət əşyaları ilə məktəbə gəlməyi doğru hesab etmirəm. Mən bunu insan hüquqlarının məhdudlaşdırılması kimi yox, nümunəvi davranışın təşviqi kimi görürəm. Vahid məktəbli forması tətbiq olunub. Hesab edirəm ki, məktəbli geyimləri daha da təkmilləşdirilməlidir. Zaman-zaman müəllimlər üçün də xüsusi geyimlərin olması ilə bağlı təkliflər səslənir ki, mən bunun lehinəyəm. Azərbaycan mühitində müəllimə hər zaman xüsusi hörmət olub. Müəllimin nüfuzu hər zaman yüksək tutulub”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

GÜNDƏM
Tarix: 22-10-2022, 16:48