İşğaldan azad edilmiş ərazinin rezidentləri 10 il müddətində vergidən azad edilir
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Qanunda qeyd edilir ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
227.2. ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.
227.3. İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır.
227.4. Bu maddədə nəzərdə tutulan vergi azadolmaları aşağıdakı şərtlər daxilində tətbiq edilir:
227.4.1. istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir;
227.4.2. topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.
Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir;
227.4.3. turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir;
227.4.4. bu Məcəllənin 227.4.1 - 227.4.3-cü maddələrində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan işğaldan azad edilmiş ərazinin rezidenti işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da (Azərbaycan Respublikası ərazisi daxilində) eyni növ fəaliyyəti həyata keçirdiyi halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.
KARUSEL / SİYASƏT
Tarix: 30-12-2022, 15:22