Vaşinqtonda 20-ci Beynəlxalq Antikorrupsiya Konfransı keçirilib
Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsi Vaşınqtonda keçirilən Beynəlxalq Antikorrupsiya Konfransında iştirak edib.
Beynəlxalq Antikorrupsiya Konfransı 2022-ci il 6-10 dekabr tarixində ABŞ-ın paytaxtı Vaşınqtonda keçirilib. Konfransda Azərbaycanı Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin rəhbəri, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və əməkdaşı Şahin Nəsrullayev təmsil edib.
Beynəlxalq Antikorrupsiya Konfransı (IACC) demək olar ki, son 40 il ərzində ən ciddi qlobal korrupsiya problemləri ilə əlaqədar bütün sektorları bir araya gətirir. Konfrans 180 ölkədən və cəmiyyətin bütün təbəqələrindən olan minlərlə insanı birləşdirir. 20-ci Beynəlxalq Antikorrupsiya Konfransında ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri də iştirak edib.
Builki konfrans “Korrupsiyanın aradan qaldırılması, demokratik dəyərlərin qorunması” mövzusuna həsr olunub.
Konfrans zamanı Əliməmməd Nuriyev və Şahin Nəsrullayev Beynəlxalq Şəffaflıq Təşkilatı və korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış əsas beynəlxalq təşkilatlarla görüşlər keçirib və müzakirələr aparıblar, ölkədə aparılmış monitorinqlərin nəticələri haqqında məlumatları bölüşüblər. Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyinin müəyyənləşməsi ilə bağlı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin tam həcmdə və obyektiv olaraq nəzərə alınması üçün müzakirələr aparılıb.
Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin nümayəndələrinin Konfransda iştirakı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Səfər qrantları” müsabiqəsi çərçivəsində maliyyələşdirilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: 12-12-2022, 16:30