Bu ailələrə aylıq və birdəfəlik müavinətlər veriləcək
Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək.
Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
O qeyd edib ki, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından, sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər daxildir.
Qeyd edək ki, Azərbaycanda himayədar ailə modeli tətbiq ediləcək. Bununla bağlı məsələ Ailə Məcəlləsinə ediləcək dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, Məcəlləyə 145.8.( Öz uşaqları da daxil olmaqla, hər iki valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 5-dən, bir valideyni olan himayədar ailədə uşaqların ümumi sayı 3-dən artıq ola bilməz) və 145.9. (Himayədar ailələr üçün himayəyə verilmiş uşaqların sayı 3-dən artıq olmamalıdır (bacı-qardaşlar himayəyə götürüldüyü hallar istisna olmaqla) maddələr əlavə edilir.
Həmçinin, yeni əlavə edilən 145.10.-cu maddəyə əsasən, himayədar ailəyə verilmiş uşağın əqli, fiziki, emosional, psixoloji inkişafına xələl gətirə biləcək halların qarşısını almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) himayədar ailəyə verilən uşaqlar arasındakı yaş fərqini nəzərə almalıdır.
KARUSEL / SOSİAL
Tarix: 3-05-2023, 14:11