Ailə Məcəlləsində bir sıra dəyişikliklər edilir
Ailə Məcəlləsində bir sıra dəyişikliklər edilir.
“Report” xəbər verir ki, müvafiq qanun layihəsi “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanının icrası məqsədilə hazırlanıb.
Belə ki, qeyd olunan Fərmanda himayədar ailə institutunun inkişaf etdirilməsi və təşviqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələrə yerləşdirilməsi, həmin müəssisələri tərk etməsi ilə bağlı qərarların qəbul edilməsi, uşaqların müəssisələrdən ailələrinə qaytarılması, eləcə də onların müəssisələrə düşməsinin qarşısının alınması ilə bağlı tədbirlər görülməsi və müəssisələrdə olan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması məsələləri ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi tapşırığı qoyulub.
Bu tapşırıqlardan irəli gələrək, Ailə Məcəlləsinə təklif olunan dəyşikliklər himayədar ailə institutunun tətbiqi, habelə valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisəyə yerləşdirmə prosesinin təkmilləşdirilməsi, onların müəssisələrə düşməsinin qarşısının alınması, bioloji ailələrinə qaytarılması məsələlərinin hüquqi tənzimlənməsini özündə ehtiva edir.
Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 142-145-ci maddələrində himayədar ailə ilə bağlı hüquqi əsaslar müəyyən edilsə də, bu institut praktikada tətbiq olunmamış, bu sahədə konkret idarəetmə mexanizmləri müəyyən edilməyib.
Bu baxımdan təqdim olunan Qanun layihəsində beynəlxalq işlək normativ hüquqi aktlardan, habelə övladlığagötürmə sahəsində qanunvericilik və institusional baxımdan əldə edilmiş təcrübədən yararlanmaqla himayədar ailə olmaq istəyən şəxslərin və himayədar ailə qayğısında olan uşaqların vahid elektron uçotu, himayədar ailələrin yaranması, himayədar valideyn-namizədlərlə müsahibələrin, təlimlərin keçirilməsi, uyğunlaşdırma mərhələsi, himayədar valideynlərlə müqavilə bağlanması, habelə himayədar valideyn olmaq istəyən şəxslərə dair tələblər, himayədar valideynlərin hüquq və vəzifələri, himayədar ailəyə verildikdən sonra uşağın monitorinqi və s. məsələlər öz əksini tapıb.
Beləliklə, təklif olunan dəyişikliklərin qəbulu himayədar ailə institutunun uğurlu tətbiqinə, valideyn himayəsindən məhrum olmuş uşaqların müəssisələşməsinin qarşısının alınmasına, bununla da həmin uşaqların ailə mühitində tərbiyə alma imkanlarının genişləndirilməsinə xidmət edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 27-04-2023, 17:22