mobil versiya

Bu ölkələrin rəhbərləri Moskvada keçiriləcək Qələbə Paradına qatılacaq


Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında Qazaxıstan və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev və Emoməli Rəhmon, eləcə də Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.
Bu barədə Qazaxıstan və Ermənistan hökumətlərinin mətbuat xidmətləri məlumat yayıb.
Kasım-Jomart Tokayev mayın 8-9-da Rusiyaya işgüzar səfər edəcək və bu səfər çərçivəsində Tver vilayətindəki Rjev memorialını ziyarət edəcək. Burada Böyük Vətən Müharibəsi zamanı həlak olmuş qazax əsgərlərinin xatirəsini yad edəcək. O, əmisi Kasım Boltayevin dəfn olunduğu Trubino kəndindəki kütləvi məzarlığı da ziyarət edəcək.
Rjev döyüşündə Qazaxıstandan çağırılmış 22 minə yaxın əsgər və zabit iştirak edirdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan da Moskvaya işgüzar səfərə gedəcək, daha sonra Qələbə günü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Rəhmonun mətbuat xidməti də onun mayın 8-də Moskvaya işgüzar səfərə getdiyini təsdiqləyib.
Son ana qədər Qırğızıstan prezidenti Sadır Japarov səfərini təsdiqləyən yeganə xarici lider idi. Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov da dəvət olunub, lakin onun tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Ötən il Moskvada keçirilən Qələbə Paradında heç bir xarici lider iştirak etməmişdi. Lakin bu il Rusiya Böyük Vətən Müharibəsinin başa çatmasının 78-ci ildönümünü qeyd etmək üçün digər ölkələrin nümayəndələrini dəvət etmək qərarına gəlib.


KARUSEL / DÜNYA
Tarix: 8-05-2023, 17:21