mobil versiya

Dərmanları aptekdən elektron reseptlə almaq mümkün olacaq



Adətən həkimlərin yazdığı reseptləri oxumaq asan olmur. Sanki onların ayrıca əlifbaları var və bunu yalnız özləri və əczaçılar oxuya bilir. Amma bəzən onlar da belə reseptləri oxumaqda çətinlik çəkirlər. Əczaçılar da bəzən resepti oxuya bilmədiklərindən onu yazan həkimlə danışmaq məcburiyyətində qalırlar. Bu mümkün olmadıqda reseptin şəklini həmkarları ilə bölüşür, yazılan preparatların adlarını aydınlaşdırmağa çalışırlar.
Bütün bu çətinlikləri aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi rəqəmsal resept layihəsini hazırlayır. Onlayn reseptlər artıq Bakı şəhər Narkoloji Dispanserində pilot layihə kimi təqdim olunub. İlin sonuna qədər onun bütün tibb müəssisələri və apteklərdə tətbiqi gözlənilir. Layihənin bir sıra digər üstünlükləri də var.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin şöbə müdiri Kəbutər Mövsümlü deyib: “Rəqəmsal resept kağız dövriyyəsini aradan qaldıracaq, həmçinin vətəndaşlara daha sürətli və elektronlaşdırlmış şəkildə xidmət göstəriləcək. Reseptsiz satışına icazə verilməyən dərman preparatlarının qanunsuz satışının qarşısını alacaq. Yəni bu sahədə şəffaflığı təmin edəcək”.
Bəzən pasiyentlər əl ilə yazılmış kağız resepti itirdiklərinə və ya həmin resept yarasız hala düşdüyünə görə həkimləri ilə yenidən görüş təyin etməli olurlar. Layihə bu cür halların aradan qaldırlmasında müsbət rol oynayacaq.
Şöbə müdiri işi xeyli asanlaşdıracaq elektron reseptlərin istifadə qaydası barədə belə deyib: “Sistem həm fərdi kompüter, həm də mobil cihazlarda istifadə üçün nəzərdə tutulub. Belə ki, vətəndaşlar sistemə asan login vasitəsilə daxil ola biləcəklər. Eləcə də tibb müəssisəsində vətəndaşların fərdi identifikasiya nömrəsinə əsasən onlara elektron resept tərtib olunaraq mərkəzi uçot sistemi bazasına ötürüləcək. Vətəndaşlar onlara təqdim olunmuş elektron reseptin və ya fərdi identifikasiya nömrəsini, eləcə də QR kodunu əczaçılıq müəssisəsinə təqdim edərək lazım olan dərman preparatlarını ala biləcəklər”.
Elektron reseptə yazılacaq preparatlar Taarif Şurasının qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələri bazası əsasında həyata keçiriləcək.
 


KARUSEL / CƏMİYYƏT
Tarix: 30-05-2023, 11:35