mobil versiya

İkinci beynəlxalq Bakı Piano Festivalının mətbuat konfransı keçirilib



Bakı Landmark-da ikinci beynəlxalq Bakı Piano Festivalının mətbuat konfransı keçirilib.
Trend xəbər verir ki, mətbuat konfransında festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəsli festivalın maraqlı musiqi proqramlarını qeyd edib, tədbirin bütün tərəfdaşlarına və sponsorlarına minnətdarlığını bildirib.
İyunun 15-də Heydər Əliyev Mərkəzində Şahin Növrəsli və məşhur fransız pianoçusu Helen Mersyerin birgə konserti ilə festivalın təntənəli açılışı olacaq.

Helen Mersye Azərbaycanda ilk dəfədir ki, çıxış edir və mətbuat konfransında Azərbaycan mətbəxi və memarlığı haqqında ilk təəssüratlarından danışıb, həmçinin Mstislav Rostropoviçin Bakı ilə bağlı xatirələrini xatırladıb.
Mətbuat konfransında Avstriya, Braziliya, Macarıstan, Latviya və Fransa səfirliklərinin rəhbərləri və nümayəndələri də çıxış edərək, festivalın ölkələr arasında mədəni əlaqələrin inkişafındakı rolunu qeyd etmiş, öz ölkələrindən iştirak edən musiqiçilərin proqramları barədə qısa məlumat vermişlər.
Fransanın Azərbaycandakı səfiri Ann Boillon festivalın ölkələrin mədəni əməkdaşlığı üçün əhəmiyyətini qeyd edib və festivalın təşkilatçılarına təşəkkürünü bildirib: “Bu, bizim üçün böyük şərəfdir. Bütün qəlbimlə bu layihənin daha da çiçəklənməsini arzulayıram və ümid edirəm ki, ifaçılarımız bu layihədə çıxışlarını davam etdirəcəklər”.


Builki festivalın əvvəlkindən fərqi daha rəngarəng və zəngin proqramdır. Festivalda incəsənət tədbirləri və film nümayişləri olacaq. Kinorejissor Oqtay Mirqasımov və Latviyanın Azərbaycandakı nümayəndəsi Viya Buşa kino proqramlarının kuratoru Ülvi Mehdinin təşəbbüsünü qeyd ediblər. Festivalın proqramına “Bu həqiqətin səsidir. Qara Qarayev” kino-essesinin, eləcə də Latviya musiqi mədəniyyətinin banisi Oskar Ştrokun xatirəsinə həsr olunmuş “Taper” filminin yubiley nümayişi daxildir.
Bakı Piano Festivalı təkcə piano virtuoz musiqiçilərinin sehri deyil, həm də festivalın özüdür. Burada hər bir tamaşaçı öz sevimlisini tapa bilər: klassikdən tutmuş flamenkoya və tanqoya qədər istənilən musiqisevər üçün əla seçimdir.
Festivalın veb saytı: https://bakupianofestival.com/
Biletlər: https://iticket.az/events/2nd-baku-international-piano-festival
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az




KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 15-06-2023, 15:03