AzerGold” QSC və KOBİA tərəfindən “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla icra edilib.
İyunun 20-də Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) layihədə iştirak etmiş arıçılıq təsərrüfatı sahiblərinin təltifolunma mərasimi keçirilib.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov rəhbərlik etdiyi dövlət şirkətinin 2016-cı ildən etibarən dağ-mədən sahəsində mütərəqqi beynəlxalq təcrübə və standartlar əsasında fəaliyyətini təşkil edərək, ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri ötən 7 ilə yaxın dövr ərzində uğurlu hasilat və emal fəaliyyəti nəticəsində 358 min unsiya qızıl, 712 min unsiya gümüşün ixracının həyata keçirildiyini qeyd edib. Ötən dövr ərzində yerli zərgərlik bazarının inkişafı məqsədilə 11 min unsiyadan çox qızıl, 76 min unsiyadan çox gümüş metalının isə daxili bazara yönəldildiyini deyib. O, 2017-ci ildən daxili və xarici bazarlarda icra olunan satış əməliyyatları nəticəsində ümumilikdə əldə edilən gəlirlərin 1 milyard manatı üstələdiyini bildirib. Bununla “AzerGold” QSC-nin ölkəmizin qeyri-neft-qaz sektorunun əsas ixracatçı dövlət şirkətləri sırasında ilk pillələrdə qərarlaşmağa nail olduğunu vurğulanıb.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arıçılığın inkişafı üçün böyük potensiala malik olan Daşkəsən rayonunda icra edilən layihənin bölgə üçün mühüm sosial-iqtisadi təşəbbüs olduğunu bildirib. O, yaradılmış imkandan düzgün faydalanan arıçı fermerlərin təsərrüfat fəaliyyətlərində bunun müsbət nəticələrini görəcəyinə, öz təsərrüfatlarını daha da genişləndirməyə nail olacaqlarına əminliyini vurğulayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiq edərək, səmərəli fəaliyyəti ilə həm ölkəmizin qeyri-neft qaz sektoru, həm də regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verən “AzerGold” QSC-nin KOBİA ilə birgə Daşkəsəndə arıçılığın inkişafı istiqamətində icra etdiyi layihənin yerli əhalinin iqtisadi imkanlarının artırılmasına xidmət etdiyini qeyd edib.
Tədbirdə daha sonra İqtisadiyyat, Kənd Təsərrüfatı və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin nümayəndələri çıxış edərək, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarının məqsəd və hədəflərinə uyğun olaraq, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsinin Daşkəsəndə arıçılığın dayanıqlı biznes fəaliyyəti kimi təşviqi baxımından yüksək qiymətləndirdiklərini bildiriblər.

Qeyd edək ki, “Daşkəsən rayonunda arıçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi artıq ikinci ildir ki, həyata keçirilir. Layihədə “AzerGold” QSC-nin hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən kənd və digər yaşayış məntəqələrinin sakinləri iştirak ediblər. İlk dəfə 2022-ci ildə icra edilən layihədən Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən, ümumilikdə 24 nəfər arıçı fermer faydalanıb. Builki layidə isə Çovdar, Bayan, Quşçu kəndləri, eləcə də Şadax adlanan ərazidə yaşayan 32 nəfər fermer iştirak edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 20-06-2023, 15:45