mobil versiya

Peşə məktəblərində direktor və direktor müavini vakansiyasına qeydiyyat başa çatır


2023/2024-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin mərkəzləşmiş imtahanla işə qəbulu aparılacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, peşə təhsili müəssisələrində direktor və ya direktor müavini kimi çalışmaq istəyən şəxslər iyulun 20-si saat 23:59-dək https://portal.edu.az/ portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 19 direktor və 27 direktor müavini vakansiyası elan olunub.
Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər iyulun 26-da qanunvericilik və məntiq üzrə imtahan verəcəklər. Peşə məktəblərində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunmuş minimum tələblər aşağıdakı kimidir:
• Direktor - ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət
nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;
• Direktor müavinləri – ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və
dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.
Müsabiqənin test imtahanı mərhələsi iyulun 26-da keçiriləcək. Avqustun 7-dən etibarən müsahibə mərhələsi başlayacaq. Sentyabrın 1-dən vakant yerlərə yerdəyişmə aparılacaq, sentyabrın 30-dək müsabiqənin nəticələri rəsmiləşdiriləcək.


KARUSEL / CƏMİYYƏT
Tarix: 20-07-2023, 09:51